Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Fevral 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Müdafiə Planlaşdırma və Mənbələrin İstiqamətləndirilməsi İdarəsinin rəisi general-mayor Şərafəddin Telyazanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev humanitar missiya ilə Azərbaycana gələn nümayəndə heyətini səmimi salamlamış, yardıma görə Türkiyə Respublikası dövlətinin, Müdafiə Nazirliyinin və Baş Qərargahın rəhbərliyinə minnətdarlığını bildirmişdir.
General-mayor Ş.Telyazan səmimi qəbul üçün Azərbaycanın Müdafiə nazirinə təşəkkür etmiş, Azərbaycan Respublikası və Türkiyə Respublikası Silahlı Qüvvələri arasında əlaqələrin daha da genişləndiyini qeyd etmişdir.
Sonra general-polkovnik S.Əbiyev demişdir: "Hamı bilməlidir ki, Türkiyə və Azərbaycan, onların Silahlı Qüvvələri birdir. Biz günü-gündən qüvvətlənməli və daha da bir olmalıyıq. Bunu bizdən tariximiz və gələcəyimiz tələb edir".  
Görüşün sonunda "Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında təmənnasız hərbi yardım haqqında" müqavilə və "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında maliyə yardımı haqqında" Protokol imzalanmışdır.
Sənədlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinə 3 milyon ABŞ dolları məbləğində təmənnasız yardım göstərilməsini nəzərdə tutur.
Protokolu Azərbaycan Respublikası tərəfdən Silahlı Qüvvələrin Maddi-Texniki Təminatı üzrə rəis əvəzi — Müdafiə nazirinin Maddi-Texniki Təminat üzrə müavini vəzifəsinin icraçısı polkovnik Qorxmaz Qarayev, Türkiyə Respublikası tərəfdən isə Silahlı Qüvvələr Baş Qərargahının Müdafiə Planlaşdırma va Mənbələrin İstiqamətləndirilməsi İdarəsinin rəisi general-mayor Şərafəddin Telyazan imzalamışlar.
Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Zəki Durlanık iştirak etmişdir.