Yayılmış məlumatlara görə Yuqoslaviya hadisələri zamanı NATO-nun uran tərkibli döyüş sursatları tətbiq etməsi nəticəsində sonradan bəzi dövlətlərin sülhməramlı qüvvələrinin tərkibində xidmət edən şəxsi heyət arasında bəd xassəli xəstəliklər aşkar edilmişdir.
Bununla əlaqədar, yanvarın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Kosovoda Sülhməramlı Qüvvələrin tərkibindəki taqımının hərbi qulluqçularının sağlamlığının qorunub saxlanması haqqında əmr imzalamışdır.
Əmrdə deyilir ki, Müdafiə Nazirliyinin müvafiq strukturlarının rəhbərləri hazırda Kosovonun Draqaş qəsəbəsində xidmət edən, Kosovoda xidmətini başa vurub yaşayış yerlərinə qayıdan və hərbi xidmətini Silahlı Qüvvələrin "N" saylı hərbi hissəsində davam etdirən hərbi qulluqçuların hərtərəfli müayinəsini qısa müddət ərzində Mərkəzi Hərbi Klinik Hospitalda təşkil etsinlər və zəruri olan tədbirləri həyata keçirsinlər.