Yanvarın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Bakıda rəsmi səfərdə olan Baş Katibi lord Corc Robertsonu qəbul etmişdir.
Müdafiə Nazirliyinin önündə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri qarovulu düzülmüşdür. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev NATO-nun Baş Katibi cənab C.Robertsonu qarşıladıqdan sonra o, Fəxri qarovulun önündən keçmişdir.
Təntənəli qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev və NATO-nun Baş Katibi cənab C.Robertson arasında görüş keçirilmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində sülhməramlı tədbirlərdə və təlimlərdə iştirakından ətraflı bəhs etmiş, NATO ilə əməkdaşlığın dərinləşməsi perspektivlərindən, bu istiqamətdə götürülən öhdəliklərdən və hərbi-texniki əlaqələrin inkişafından danışmışdır. O, regionda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin yaranma səbəbləri və nəticələri barəsində qonağa məlumat verərək NATO-nun nüfuzlu hərbi-siyasi təşkilat kimi Qafqazda təhlükəsizliyin və sabitliyin yaradılmasında rolunu yüksək qiymətləndirmişdir.
Cənab C.Robertson səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür etmiş və Azərbaycanın NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramındakı yüksək fəaliyyətini xüsusi vurğulamışdır. O, demişdir: "Azərbaycan NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramının çox güclü tərkib hissəsidir". Sonra o, Azərbaycan Silahlı Qüvvələrində aparılan ardıcıl islahatları təqdir etmiş və Azərbaycan xalqının tezliklə qüdrətli ordusu olacağına əminliyini bildirmişdir.
Görüşdə Azərbaycan Respublikasının Belçikadakı səfiri və NATO-dan daimi nümayəndəsi cənab Mirhəmzə Əfəndiyev iştirak etmişdir.