Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Oktyabr 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev oktyabrın l-dən 3-dək Türkiyə Respublikasında rəsmi səfərdə olmuşdur.
Müdafiə nazirini Ankaranın “Etimeskud” hərbi hava limanında Türkiyə Respublikasının Müdafiə naziri cənab Səbahəddin Çaxmakoğlu, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Məmməd Əliyev, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Zəki Durlanık və digər rəsmi şəxslər qarşılamışlar.
Oktyabrın l-də təntənəli qarşılanma mərasimindən sonra Türkiyə Respublikasının Müdafiə naziri cənab Səbahəddin Çaxmakoğlu nümayəndə heyətini qəbul etmişdir.
S.Çaxmakoğlu Türkiyə-Azərbaycan hərbi əlaqələrinin indiki vəziyyətini yüksək qiymətləndirmiş və bu əlaqələrin getdikcə genişləndiyini qeyd etmişdir. O, bunun mümkünlüyünü Azərbaycanın müstəqil, demokratik və hüquqi dövlət olması ilə əlaqələndirmiş və Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə ümidvar olduğunu söyləmişdir. O, demişdir: “Bizim ən böyük istəyimiz Azərbaycanı inkişaf etmiş ölkə kimi görməkdir”.
General-polkovnik S.Əbiyev səmimi qəbul üçün təşəkkür edərək bildirmişdir ki, Azərbaycan müstəqillik əldə etdiyi zamandan müxtəlif təzyiqlərə məruz qalmasına baxmayaraq öz yolu ilə inamla addımlamış, iqtisadiyyatını qurmuş, ordusunu yaratmışdır. O, demişdir: “Bu illərdə Azərbaycana ən çox kömək edən qardaş Türkiyə Respublikası olmuşdur”.
Sonra Müdafiə naziri Amerika Birləşmiş Ştatlarındakı 11 sentyabr terror hadisəsinə toxunaraq bildirmişdir ki, Türkiyə və Azərbaycan PKK və erməni terrorunun timsalında dünyada terrora ən çox məruz qalan ölkələrdir. Azərbaycan və Türkiyə terrora qarşı birlikdə qəti mübarizə aparacaqdır. Bizim bir millət iki dövlət olmağımız bunun əsasını təşkil edir.
Sonra Müdafiə nazirləri hərbi əməkdaşlığın perspektivlərini geniş müzakirə etmişlər.
Həmin gün general-polkovnik S.Əbiyev Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət etmiş, onun məzarı önünə əklil qoymuş və Şərəf kitabına imza atmışdır.
Sonra general-polkovnik S.Əbiyev Türkiyə Respublikasının Quru Qoşunlarının komandanı ordu generalı Hilmi Özkök, Hərbi Dəniz Qüvvələri komandanı ordu generalı Bülent Alpkaya və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Cumhur Asparukla görüşlər keçirmişdir. Görüşlərin mövzusu iki dövlətin Silahlı Qüvvələrinin növləri arasında əməkdaşlığın gücləndirilməsi olmuşdur.
Səfərin ikinci günü general-polkovnik S.Əbiyev “Markoni” Kommunikasiya Anonim Şirkətini ziyarət etmişdir. Brifinq keçirdikdən sonra o, şirkətin işi və istehsal etdiyi məhsullarla tanış olmuşdur.
Sonra Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hüseyn Kıvrıkoğlu general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının indiki vəziyyəti və gələcək inkişaf perspektivləri geniş müzakirə mövzusu olmuş, beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycanın və Türkiyənin eyni mövqedə olduğu bəyan edilmişdir. Görüş zamanı dünyanın hansı ölkəsində baş verməsindən asılı olmayaraq, terrorizmə ikili standartla yanaşmanın qəbul edilməzliyi və onunla birmənalı olaraq qəti mübarizənin zəruriliyi xüsusilə vurğulanmışdır.
Görüşdə regional təhlükəsizlik məsələləri də müzakirə edilmişdir. Tərəflər əmin olduqlarını bildirmişlər ki, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapması regional münaqişələrin ədalətli həllinin başlanğıcı olardı.
Həmin gün Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər general-polkovnik S.Əbiyevi qəbul etmişdir. O, Türkiyənin Azərbaycanı bütün istiqamətlərdə dəstəklədiyini vurğulayaraq beynəlxalq terrorizmə qarşı işbirliyinin bundan sonra da gücləndiriləcəyi, Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərin artırılacağı barədə öz fikirlərini bildirmişdir. O, qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi Qafqaz regionunda baş mövzudur və onun həlli üçün səylərimizi əsirgəməyəcəyik.
General-polkovnik S.Əbiyev isti qəbul üçün Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərə təşəkkür edərək Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin salamlarını ona çatdırmışdır. Sonra Müdafiə naziri hər iki dövlətin Müdafiə Nazirliklərinin və Silahlı Qüvvələrinin sıx əməkdaşlığı, Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar və digər məsələlər barəsində Türkiyənin dövlət başçısına ətraflı məlumat vermişdir.
Türkiyə Respublikasının Prezidenti bildirmişdir ki, Türkiyə Azərbaycana bundan sonra da hər cür yardım edəcəkdir. Görüşdə Türkiyə Respublikasının Müdafiə naziri cənab Səbahəddin Çaxmakoğlu da iştirak etmişdir.
 Sonra general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin sədri cənab Ömər İzgi qəbul etmişdir. O, qeyd etmişdir ki, Türkiyə və Azərbaycan dövlətlərinin bütün sahələrdə bir-birini yaxşı başa düşməsi, yaxın olması və xarici siyasətinin bir olması hər iki dövləti qüvvətləndirir. O, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin Azərbaycanı həmişə dəstəkləyəcəyini vurğulamışdır.
Səmimi qəbul üçün Türkiyə Böyük Millət Məclisinin sədrinə minnətdarlıq edən general-polkovnik S.Əbiyev onu Türkiyə Böyük Millət Məclisinin iş mövsümünün başlanması münasibətilə təbrik etmiş, Azərbaycan-Türkiyə siyasi, iqtisadi və hərbi əlaqələri barədə onunla ətraflı fikir mübadiləsi etmişdir. Sonra o, beynəlxalq terrorizmlə mübarizədə Türkiyə və Azərbaycanın eyni mövqedə olmasının faydasından ətraflı söhbət açmışdır. Görüşdə Türkiyə Respublikasının Müdafiə naziri cənab Səbahəddin Çaxmakoğlu da iştirak etmişdir.
Həmin gün general-polkovnik S.Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Təlim və Doktrina Komandanlığında olmuş, onun fəaliyyətilə tanış olmuşdur. Günün sonunda general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Azərbaycan Respublikasının Böyük Elçiliyi üçün yeni tikilmiş səfirlik kompleksini ziyarət etmiş və axşam İstanbula gəlmişdir.
Oktyabrın 3-də nümayəndə heyətini Türkiyə Respublikası Silahlı Qüvvələrinin I Ordu komandanı ordu generalı Çetin Doğan qəbul etmişdir. Ordu komandanı general-polkovnik S.Əbiyevi səmimi salamlayaraq ordu komandanlığının yaranma tarixindən danışmış, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının artırılmasının zamanın tələbi olduğunu bildirmişdir.
General-polkovnik S.Əbiyev Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının hər iki tərəf üçün faydalı, eyni zamanda, Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinin öyrənilməsinin önəmli olduğundan bəhs etmişdir.
Görüşün sonunda nümayəndə heyəti I Ordu komandanlığının qərargahını ziyarət etmişdir.
Oktyabrın 3-də İstanbulun Atatürk hava limanında general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin təntənəli yola salınma mərasimi olmuşdur. General-polkovnik S.Əbiyev Fəxri Qarovulun önündən keçmiş, onunla vidalaşmışdır. Türkiyə Respublikasının Müdafiə naziri cənab Səbahəddin Çaxmakoğlu və digər rəsmi şəxslər yola salma mərasimində iştirak etmişlər.