Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 May 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 23-dən 25-dək Pakistan İslam Respublikasının paytaxtı İslamabadda rəsmi səfərdə olmuşdur.
İslamabad Beynəlxalq hava limanında nümayəndə heyətini Pakistan İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının zabiti briqada generalı Tarix Rəsul, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı müvəqqəti işlər vəkili cənab Rövşən Cəmşidov, Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndələri və digər rəsmi şəxslər qarşılamışlar.
Mayın 23-də Pakistan İslam Respublikasının İcra Hakimiyyətinin başçısı general Pərviz Müşərrəf nümayəndə heyətini qəbul emişdir. Qarşılıqlı anlaşma va səmimiyyət şəraitində keçən görüşdə general-polkovnik S.Əbiyev Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin salamlarını ona çatdırmış və Azərbaycan Prezidentinin general P.Müşərrəfı Azərbaycana rəsmi səfərə dəvət edən məktubunu ona təqdim etmişdir.
Sonra general-polkovnik S.Əbiyev Emənistan-Azərbaycan münaqişəşində Azərbaycanın mövqeini daim dəstəklədiyinə görə general P.Müşərrəfə minnətdarlıq etmiş, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, nəticələri, Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyət barəsində ətraflı məlumat vermiş və Pakistan-Azərbaycan hərbi əməkdaşlığının tarixi zərurət kimi həyata keçirilməsi vaxtının çatdığını vurğulamışdır.
General P.Müşərrəf nümayəndə heyətini səmimi salamlamış, Pakistan dövlətinin və xalqının ünvanına xoş sözlər söylədiyi üçün nümayəndə heyətinin başçısı general-polkovnik S.Əbiyevə razılıq etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti cənab H.Əliyevin dəvətini məmnuniyyətlə qəbul edərək demişdir: “Dəvət etdiyinə görə Prezident H.Əliyevə mənim təşəkkürümü yetirin. Azərbaycana, qardaş ölkəyə səfər etməyi çox istəyirəm”.
O da öz növbəsində Prezident H.Əliyevi Pakistan İslam Respublikasına rəsmi səfərə dəvətini ona çatdırmasını general-polkovnik S.Əbiyevdən xahiş etmişdir.
General P.Müşərrəf bildirmişdir ki, Ermənistan-Azərbaycan münaqişəsində Pakistan İslam Respublikası sona qədər Azərbaycanla bir olacaqdır. O, demişdir: “Kəşmir məsələsində Pakistan İslam Respublikasını daim dəstəklədiynə görə Azərbaycana minnətdaram”.
General P.Müşərrəf sonra hərbi əməkdaşlıq sahəsində prioritet sahələri müəyyən etməyin vacibliyini, düşmənə qəti qalib gəlmək üçün müdafiəni gücləndirməyin üstünlüyünü qeyd edərək demişdir: “Haqq Azərbaycanın tərəfində olduğu üçün uğur da onun tərəfində olacaqdır”.
Sonra general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasının Xarici İşlər naziri Abdul Səttar, Müdafiə naziri istefada olan general Həmid Nəvaz Xan, Daxili  İşlər naziri cənab Moynuddin Heydər, Neft və Təbii Ehtiyatlar naziri cənab Usman Əminuddin tərəfindən qəbul edilmişdir.
General-polkovnik S.Əbiyev Pakistan İslam Respublikasının Müdafiə naziri general Həmid Nəvaz Xanı Azərbaycana rəsmi səfərə dəvət etmişdir.
Bütün görüşlərdə general-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsi zamanı işğalçı Ermənistan Respublikasının Azərbaycan torpaqlarını zəbt etməsi barəsində həqiqəti Pakistan ictimaiyyətinə təqdim etmişdir.    O, Pakistan İslam Respublikasının hökumət  başçılarından xahiş etmişdir ki, Ermənistan Respublikasını separatizmi və terrorizmi dəstəkləyən aqressor dövlət kimi dünya ictimaiyyətinə tanıtmaq məsələsində əllərindən gələni əsirgəməsinlər.
Müdafiə Nazirliyinin nümayəndə heyəti səfər zamanı Pakistan İslam Respublikasının Hərbi Rabitə Kolleci və Milli Müdafiə Kollecini ziyarət etmiş, onların strukturu və tədris prosesi ilə tanış olmuşdur. Nümayəndə heyəti Vah şəhərindəki Pakistan Artilleriya Sursatları zavodunda olmuş, onun işi və istehsal etdiyi silah və sursatlarla tanış olmuşdur.
Səfərin sonunda birgə bəyanat imzalanmışdır. Bəyanatı Azərbaycan Respublikası tərəfdən general-polkovnik S.Əbiyev, Pakistan İslam Respublikası tərəfdən Xarici İşlər naziri cənab Abdul Səttar imzalamışlar. Bəyanatda deyilir:
1. Azərbaycan Respublikasının Müdafiə naziri zati-aliləri general-polkovnik Səfər Əbiyev nümayəndə heyətinin başçısı kimi, Paksitan Xarici İşlər naziri zati-aliləri Abdul Səttarın dəvəti ilə 23-25 may 2001-ci ildə Pakistan İslam Respublikasına rəsmi səfər etmişdir.
2. Hökumət başçısı və Xarici İşlər naziri ilə görüşlərindən əlavə, səfərdə olan yüksək səviyyəli qonaq Daxili İşlər, Neft və Təbii Ehtiyatlar nazirləri, eləcə də Müdafiə katibi ilə məsləhətləşmələr aparmışdır. General-polkovnik Səfər Əbiyev, eyni zamanda İslama-baddakı Milli Müdafiə Kollecini və Vah şəhərindəki Pakistanın Artilleriya sursatları zavo-dunu ziyarət etmişdir.
3. Müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə razılaşdırılmışdır ki, hər iki dövlətin Müdafiə Nazirlikləri aşağıdakı tədbirləri həyata keçirəcəklər:
a. Hərbi əməkdaşlığın bünövrəsini qoymaqla Azərbaycan və Pakistan arasında tərəfdaşlığı inkişaf etdirmək;
b. Hərbi və müdafiə əməkdaşlığına aid xüsusi sahələrdə Qarşılıqlı Anlaşma Memorandumunun, Protokolların, Sazişlərin imzalanması;
c. Hərbi təlim və təhsil, texniki yeniliklər, hərbi şəxsi heyət və informasiya mübadiləsi, eləcə də tibbi, maddi-texniki təminat və digər hərbi sahələrin daxil olduğu hərbi əməkdaşlığın inkişaf etdirilməsi üçün iki ölkənin Silahlı Qüvvələri arasında səfərlərin mübadiləsi.
Nümayəndə heyəti mayın 27-də Vətənə qayıtmışdır.