Aprelin 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Quru Qoşunları Ali Hərbi Məktəbinin rəisi general-leytenant Necat Beki qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq qeyd etmişdir ki, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının günü-gündən genişlənməsi Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın möhkəmlənməsinə xidmət edir.
Səmimi qəbul üçün general-polkovnik S.Əbivevə təşəkkür edən general-leytenant Necat Bek Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi ordu generalı Hüseyn Kıvrıkoğlunun salamlarını ona çatdırmışdır.
Sonra general-polkovnik S.Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin təhsil sistemində ciddi islahatların aparıldığı və bu işin bu gün də davam etdirildiyi haqqında general-leytenant Necat Beklə fikir mübadiləsi etmişdir.
General-leytenant Necat Bek iki gün ərzində Azərbaycan Ali Hərbi Məktəbini, C.Naxçıvanski adına hərbi liseyi və digər hərbi təhsil ocaqlarını gəzdiyini qeyd edərək hər yerdə quruculuq işlərinin inkişaf etdirildiyinin şahidi olduğunu vurğulamışdır.
General-polkovnik S.Əbiyev demişdir: “Zabit kadrlarının hazırlanması məsələsi hər gün nəzarətdə saxlanılmalı və ona qayğı göstərmək lazımdır. Əks təqdirdə yüksək ixtisaslı zabit heyətinin yetişdirilməsindən danışmağa dəyməz”. Sonra o, hərbi təhsil sahəsində islahatların gələcək planları barəsində qonaqla söhbət etmişdir.
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Ümid Kalender iştirak etmişdir.