Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Aprel 2002 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə Gürcüstanın Müdafiə naziri general-leytnant David Tevzadze aprelin 8-də Bakıya rəsmi səfərə gəlmişdir.
Qonağı Binə hava limanında Müdafiə naziri general-polkovnik S.Əbiyev, Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Zurab Qumberidze və digər rəsmi şəxslər qarşılamışlar.
Aprelin 9-da Gürcüstan Müdafiə Nazirliyinin rəsmi nümayəndə heyəti “Şəhidlər” xiyabanını ziyarət etmiş və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda həlak olmuş vətəndaşlarımızın xatirə abidəsi önünə əklil qoymuşlar.
Sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyində qonaqların rəsmi qarşılanma mərasimi keçirilmişdir. Müdafiə naziri general-leytenant D.Tevzadzenin şərəfinə fəxri qarovul düzülmüş və hər iki ölkənin dövlət himnləri səslənmişdir.
Sonra Azərbaycan və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçirilmişdir. Tərəflər regional təhlükəsizlik, terrorizmlə mübarizə, hər iki ölkədə Silahlı Qüvvələrin quruculuğunun gedişi, hərbi sahədə əməkdaşlığın inkişafı, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı və GUÖAM çərçivəsində daha fəal iştirak, Hava Hücumundan Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etmişlər.
Görüşün sonunda rəsmi səfərin nəticələri üzrə Protokol imzalanmışdır. Sənədi Azərbaycan Respublikası tərəfdən Müdafiə naziri general-polkovnik S.Əbiyev, Gürcüstan tərəfdən isə Müdafiə naziri general-leytenant D.Tevzadze imzalamışlar.
Səfər zamanı Gürcüstan Müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev, Milli Məclisin sədri cənab Murtuz Ələsgərov, Baş Nazir Artur Rəsizadə və Xarici İşlər Nazirinin müavini Xələf Xələfov tərəfindən qəbul edilmişlər.
Səfər proqramına əsasən, Gürcüstan Müdafiə naziri Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olmuş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi təhsil sistemi və aparılan islahatlarla tanış olmuşdur.
Aprelin 12-də Müdafiə naziri general-leytenant D.Tevzadzeninin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana dönmüşdür.