Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə Bakıda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Müdafiə katibi, istefada olan general-leytenant Həmid Navaz Xanın aprelin 15-də Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi olmuşdur.
Pakistan İslam Respublikasının Müdafiə katibinin şərəfinə Azərbaycan Silahlı Qüvvələrinin Fəxri qarovulu düzülmüş və hər iki ölkənin dövlət himnləri səslənmişdir.
Sonra Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikasının Müdafiə katibi Həmid Navaz Xanı və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları salamlayan general-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan-Pakistan hərbi əməkdaşlığının əsasları Azərbaycan Respublikası və Pakistan İslam Respublikası Prezidentlərinin rəsmi səfərləri zamanı qoyulmuş və bu gün uğurla inkişaf etdirilir.
Sonra Azərbaycan Respublikasının Müdafiə Naziri Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və nəticələri haqqında ətraflı məlumat vermişdir.
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə minnətdarlığını bildirən Müdafiə katibi Həmid Navaz Xan yüksək qonaqpərvərlik üçün təşəkkür etmişdir.
Sonra tərəflər beynəlxalq və regional təhlükəsizlik, terrorizm, aqressiv separatizm və cinayətkar eksrtremizm ilə mübarizə, ikitərəfli hərbi əməkdaşlığın istiqamətləri, hərbi kadrların hazırlanması sahəsində gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə geniş fikir mübadiləsi etmişlər.
Görüşün sonunda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Müdafiə Nazirliyi arasında Müdafiə və Hərbi sahələrdə İkitərəfli Əməkdaşlıq üzrə Protokol” imzalanmışdır.
Sənədi Azərbaycan Respublikası tərəfindən Müdafiə naziri general-polkovnik S.Əbiyev, Pakistan İslam Respublikası tərəfindən Müdafiə katibi cənab Həmid Navaz Xan imzalamışdır.
Sənəddə deyilir:
“Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Səfər Əbiyevin dəvəti ilə Pakistan İslam Respublikasının Müdafiə katibi, istefada olan general-leytenant Həmid Navaz Xanın rəhbərlik etdiyi nümayəndə heyəti 2002-ci il aprelin 15-dən 17-dək Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.
l. Tərəflər dostluq və səmimi şəraitdə faydalı müzakirələr və iki qardaş ölkənin Silahlı Qüvvələri və xalqları üçün qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmışlar.
2. Beynəlxalq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılaraq, Azərbaycan Respublikasının və Pakistan İslam Respublikasının milli suverenliyi və ərazi bütövlüyü vurğulanaraq, beynəlxalq terrorizm, təcavüzkar separatizm və cinayətkar ekstremizm təhlükələrinə qarşı mübarizədə fəaliyyətlərin birləşdirilməsinin və gücləndirilməsinin əhəmiyyətinə diqqət yetirmədə qarşılıqlı səylər qeyd olunmuşdur.
3. İki qardaş xalq arasında mövcud olan hərtərəfli sıx və səmimi münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə edərək, tərəflər qeyd etmişlər ki, Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Səfər Əbiyevin səfəri zamanı, İslamabadda, 2001-ci ilin mayında Birgə Bəyanat müdafiə və hərbi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi üçün möhkəm əsası təmin etmişdir.
4. Tərəflər, müdafiə və hərbi sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin və gücləndirilməsinin zəruriliyini qeyd edərək, belə əməkdaşlıq üçün hüquqi-normativ əsasların işlənib hazırlanması məqsədi ilə ikitərəfli ekspert qrupunun yaradılması, Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin hərbi təhsil müəssisələrində hazırlanmasının davam etdirilməsi, eləcə də hərbi-texniki sahədə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi barədə razılığa gəlmişlər.
5. Tərəflər, danışıqlar və görüşlər zamanı müzakirə olunan məsələlər üzrə fikirlərin üst-üstə düşməsindən məmnunluq ifadə edərək, iki ölkə arasında müdafiə və hərbi əməkdaşlığın bütün digər sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi məqsədi ilə onların nümayəndələri arasında illik müntəzəm görüşlərin keçirilməsi barədə razılığa gəlmişlər.
“15” aprel 2002-ci il tarixdə, Bakı şəhərində, hər biri azərbaycan və ingilis dillərində olmaqla, 2 nüsxədə imzalanmışdır”.
Protokol imzalandıqdan sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir. Jurnalistlərin suallarını general-polkovnik S.Əbiyev və cənab Həmid Navaz Xan cavablandırmışlar.
Görüşdə Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Faiz Məhəmməd Xoso iştirak etmişdir.