Dekabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Norveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Steinar Gili, Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Hans Vilhelm Lonqvanı və hərbi attaşesi polkovnik Roar Lauqerudu qəbul etmişdir.
Qonaqları salamlayan Müdafiə naziri qeyd etmişdir ki, Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında iqtisadi əməkdaşlıq yaxşı vəziyyətdədir. Yəqin ki, hərbi sahədə də əməkdaşlıq etməyin vaxtı yetişmişdir.
Müdafiə naziri ilə razı olduğunu bildirən səfir S.Gil qeyd etmişdir ki, hərbi sahədə əməkdaşlığın təşkili yaxın gələcəyin işidir və onlar bu məqsədlə qəbula gəlmişlər.
Polkovnik R.Lauqerud qeyd etmişdir ki, o Norveç Krallığının Türkiyə Respublikasındakı ilk hərbi attaşesidir və Azərbaycanda da Norveçin hərbi attaşeliyinin yaradılması niyyətiylə buradakı şəraitlə tanış olmaq arzusundadır. O, ətraflı məlumat verdikdən sonra Norveç Krallığının Müdafiə naziri bu barədə qərar qəbul edəcəkdir.
Sonra general-polkovnik S.Əbiyev qonaqları Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin yaranma tarixi və nəticələri ilə tanış etmişdir. O, demişdir: "Ermənistan işğalçı, terrorçu və separatçılığı dəstəkləyən bir dövlətdir. Ermənistan-Azərbaycan münaqişəsinə bəzi dövlətlərin ikili standartlarla yanaşması bu məsələnin həllini uzadır və döyüş əməliyyatlarının yenidən başlanması təhlükəsini gerçəkləşdirir. Hesab edirik ki, Ermənistana Azərbaycan torpaqlarından geri çəkilmək məsələsində birmənalı şəkildə təzyiq edilməlidir".
Müdafiə naziri Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələri, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində onunla əməkdaşlıq, dünyanın bir sıra dövlətləri ilə ikitərəfli hərbi əməkdaşlıq, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin beynəlxalq sülhyaratma əməliyyatlarında iştirakı və Azərbaycan Silahlı Qüvvələrinin quruluşu və tərkibi haqqında qonaqlara ətraflı məlumat vermişdir.
Görüş zamanı general-polkovnik S.Əbiyev qonaqları maraqlandıran suallara cavab vermişdir.