Noyabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun fransalı həmsədri cənab Anri Jakolini qəbul emişdir.
Qonağı salamlayan Müdafiə naziri onu yeni təyinatı münasibətilə təbrik etmiş, çox məsul, mürəkkəb missiyasını yerinə yetirməkdə uğurlar arzulamış və Ermənistan-Azərbaycan müharibəsinin yaranma tarixi haqqında ona məlumat vermişdir.
Qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən cənab A.Jakolin münaqişənin həllində Fransanın səylərindən bəhs etmiş və qeyd etmişdir ki, məsələnin həllində Fransanın heç bir regional marağı yoxdur.
Sonra general-polkovnik S.Əbiyev Ermənistanın işğalçı dövlət olduğunu, beynəlxalq hüquq normalarını pozduğunu və BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsinin tələblərini yerinə yetirmədiyini onun diqqətinə çatdırmışdır.
Cənab A.Jakolin bu münaqişənin həllində Azərbaycan və Ermənistan Prezidentlərinin ardıcıl gorüşlərini yüksək qiymətləndirmiş və bu görüşlərin davam etdirilməsini arzulamışdır.
Müdafiə naziri onun “Azərbaycanda bu münaqişənin həlli məsələsində müharibə əhval-ruhiyyəsi güclənirmi?” sualına cavab olaraq demişdir: “Xalqın dözümü sonsuz deyil. Bu vəziyyət ölkə rəhbərliyini qəti tədbirlər görməyə vadar edə bilər. Azərbaycan məsələnin dinc yolla, Lissabon sammitinin tələbləri əsasında, özünün ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarıdır. Lakin Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş torpaqların azad olunması üçün Ali Baş Komandan cənab Heydər Əliyevin hər bir əmrini yerinə yetirməyə həmişə hazırdır. Buna görə də Ermənistan “qələbə” eyforiyasından əl çəkməlidir. Heç bir qələbə olmamışdır. O, unutmamalıdır ki, istənilən vaxt Azərbaycanın vəziyyətinə düşə bilər...”
A.Jakolin cavab olaraq bildirmişdir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri, o cümlədən Fransa Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər iki tərəfə kömək edəcəkdir.
Görüşün sonunda general-polkovnik S.Əbiyev cənab A.Jakolini yeni təyinatı münasibətilə bir daha təbrik etmiş və demişdir: “Bizim birlikdə göstərəcəyimiz fəaliyyətin əsas məqsədi regionda sülhə nail olmaqdır”.
Görüşdə Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Şantal Puare iştirak etmişdir.