Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Noyabr 2002 00:00

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Marqerita Kostanı, Türkiyə və Azərbaycan Respublikalarındakı hərbi attaşesi birinci dərəcəli kapitan Tindaro Kalderoneni qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq onları qəbul etdiyindən məmnun olduğunu bildirmişdir.
Xanım M.Kosta onları qəbul etdiyinə görə Azərbaycanın Müdafiə nazirinə təşəkkür etmişdir.
Hərbi attaşe T.Kalderone İtaliya-Azərbaycan hərbi əməkdaşlığını həyata keçirmək üçün yaradılan işgüzar şəraitə görə general-polkovnik S.Əbiyevə öz minnətdarlığını bildirərək demişdir: “İtaliya-Azərbaycan əməkdaşlığı genişləndirilməlidir. Biz İtaliyada təhsil alan Azərbaycan zabitlərinin sayını artırmağı və gizirlərin də təhsil alması üçün imkan yaradılmasını planlaşdırırıq. Azərbaycanda mənə göstərdiyiniz qonaqpərvərliyə görə sizə bir daha təşəkkür edirəm”.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan-İtaliya hərbi əməkdaşlığının genişləndirilməsi bu günün zərurətidir. Nazir demişdir: “Biz çox istərdik ki, bu əməkdaşlıq öz hüquqi təsdiqini tapsın, yəni Azərbaycan və İtaliya Silahlı Qüvvələri arasında əməkdaşlıq haqqında müqavilə imzalansın”.
Sonra Müdafiə naziri Cənubi Qafqaz regionunda mövcud olan vəziyyət, Ermənistan Respublikasının yeritdiyi işğalçılıq siyasəti haqqında qonaqları məlumatlandırmışdır. O, demişdir: “Beynəlxalq ictimaiyyət Ermənistanı işğalçı və terrorist dövlət kimi tanımaq məsələsinı nəinki yubandırır, əksinə onu dəstəkləyən dövlətlər də vardır. Lakin bu çox davam edə bilməz”.
Cənab T.Kalderone Ermənistan-Azərbaycan münaqişəsinin siyasi dialoq yolu ilə həll ediləcəyinə inandığını bildirirək demişdir: “Ermənistan siyasətçiləri zaman keçdikcə daha dərin izolyasiyaya düşdüklərini dərk etməli və bu gün yeritdikləri siyasətdən əl çəkməlidirlər”.
Sonra general-polkovnik S.Əbiyev Azərbaycan Respublikasının iqtisadi imkanlarının perspektivləri haqqında qonaqlarla fikir mübadiləsi etmişdir.
Səfir M.Kosta bunların həqiqət olduğunu təsdiqləyərək qeyd etmişdir ki, Azərbaycanın təkcə iqtisadi potensialı deyil, həm də qədim tarixi, zəngin mədəniyyəti və intellektual imkanları vardır.
Görüşün sonunda general-polkovnik S.Əbiyev hərbi    attaşe T.Kalderoneyə Azərbaycan-İtaliya hərbi əməkdaşlığı sahəsində gördüyü işlərə görə təşəkkür etmiş və ona uğurlar arzulamışdır.