Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Noyabr 2002 00:00

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Klaus Qrevlixi, Rusiya Federasiyası və Azəbaycan Respublikasında akkreditə olunmuş müdafiə attaşesi briqada generalı Peter Şafraneki və Hərbi Dəniz Qüvvələri attaşesi birinci dərəcəli kapitan Karl-Ekhard Dröqeni qəbul etmişdir.
Qonaqları salamlayan Müdafiə naziri qeyd etmişdir ki, Almaniyanın rəsmi hərbi nümayəndə heyəti ilk dəfədir Azərbaycana gəlir. Bu onu göstərir ki, Azərbaycan-Almaniya hərbi münasibətləri bundan sonra sürətlə inkişaf edəcəkdir.
Səfir K.Qrevlix qəbul üçün təşəkkür edərək bildirmişdir ki, Almaniyanın Azərbaycanda yeni təyin edilmiş müdafiə attaşelərini Müdafiə nazirinə təqdim etmək böyük şərəfdir. O, demişdir: “Biz istərdik ki, iki ölkə arasında tezliklə hərbi əməkdaşlıq haqqında saziş imzalansın.
Briqada generalı P.Şafranek qeyd etmişdir ki, biz Azərbaycanla hərbi əməkdaşlıq yaratmaq və onun əsas istiqamətlərini müəyyənləşdirmək istəyirik. Azərbaycanın strateji mövqeyi Almaniyanı həmişə cəlb etmişdir. Biz sizinlə olan qədim əlaqələrimizi bir daha təzələmək və hərbi əməkdaşlığımızı gücləndirmək marağındayıq”.
 General-polkovnik S.Əbiyev demişdir: “Azərbaycan da Almaniya ilə hərtərəfli əməkdaşlığa can atır. Biz hərbi əməkdaşlığın da gücləndirilməsinin və fəallaşdırılmasının tərəfdarıyıq”.
Sonra Müdafiə naziri Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətlə qonaqları tanış etmiş, Ermənistan-Azərbaycan münaqişəsinin yaranma tarixi və nəticələri haqqında onlara məlumat verərək  demişdir: “Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək cəhdlərinə baxmayaraq, Ermənistan işğal etdiyi torpaqları qaytarmır və beynəlxalq hüquq normalarına qarşı çıxış edərək münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərcivəsində həllindən boyun qaçırır. Bəzi dövlətlərin bu məsələyə ikili standartlarla yanaşması da onun destruktiv mövqeyini gücləndirir.
Lakin hər şeyin həddi var. Biz münaqişənin həllində digər üsulları istisna etmirik. Beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyi nəticəsində məsələnin həlli uzandıqca, Ermənistanın şiddətlə silahlanması daha da artır. Regionda başlaya bilacək müharibə daha qanlı nəticələrə gətirib çıxara bilər. Bunun üçün artıq şərait yaradılmışdır. Çünki Ermənistanın öz strateji müttəfiqindən qeyri-qanuni yolla aldığı və bu gün də almağa davam etdiyi uçotsuz silah və sursatın çox hissəsi işğal olunmuş Azərbaycan torpalarında yerləşdirilmişdir”.
General-polkovnik S.Əbiyev fikrinə davam edərək qeyd etmişdir ki, bu məsələnin həllində Azərbaycanın Avropanın ən iri dövlətlərindən biri olan Almaniyanın dəstəyinə ehtiyacı vardır.
Almaniya ilə hərbi əməkdaşlıq məsələsinə toxunan general-polkovnik S.Əbiyev demişdir: “Sizin təcrübənizdən öyrəniləsi çox şey var. Kadrların hazırlanması, müdafiə sənayesinin təşkili, qoşunların hazırlanması metodikası, qərargahların hazırlanması və fərdi hazırlıq sahəsində əməkdaşlığı biz prioritet istiqamətlər kimi qiymətləndiririk”.
Səfir K.Qrevlix Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə toxunaraq  demişdir ki, Almaniya bu münaqişənin həllində Lissabon sammitinin prinsiplərini, yəni münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. O, demişdir: “Azərbaycan rəhbərliyi bu istiqamətdə böyük işlər görür. Azərbaycan Prezidenti Heydər Əliyevin seçdiyi bu düzgün yolu biz qiymətləndirməliyik. Almaniya Azərbaycanın haqq işini dəstəkləməyə həmişə hazırdır”.
Görüşün sonunda general-polkovnik S.Əbiyev müdafiə attaşelərini yeni təyinatları münasibətilə bir daha təbrik etmiş və onlara uğurlar arzulamışdır.