Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Litva Respublikasının Müdafiə naziri Linas Linkyaviçusun dəvətilə avqustun 27-də Vilnüs şəhərinə rəsmi səfərə yola düşmüşdür.
Səfər proqramında Litva Respublikasının prezidenti cənab Valdas Adamkus, Seymin sədri Arturas Paulauskas və Müdafiə naziri ilə görüşlər nəzərdə tutulur.
General-polkovnik S.Əbiyevin Müdafiə naziri L.Linkyaviçus ilə görüşü zamanı ikitərəfli hərbi əməkdaşlıq, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində və regional məsələləri müzakirə ediləcəkdir.
Azərbaycanın Müdafiə naziri səfər zamanı Litvanın Hərbi Akademiyası, Böhranların idarəolunması Mərkəzi, Gizirlər Məktəbi ilə tanış olacaq, Təlim alayını və Hava məkanına nəzarət regional Mərkəzini ziyarət edəcəkdir.
Səfər avqustun 29-da başa çatacaqdır.