Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 May 2002 00:00

Müdafiə Nazirliyinin məlumatı

Mayın 7-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində Türkiyə Respublikasının Müdafiə naziri cənab Səbahəddin Çakmakoğlunun təntənəli qarşılanma mərasimi olmuşdur. Onun şərəfinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri qarovulu düzülmüş, Türkiyə Respublikası və Azərbaycan Respublikasının dövlət himnləri səslənmişdir.
Sonra Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Müdafiə  naziri S.Çakmakoğlunu qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonağı salamladıqdan sonra qeyd etmişdir ki, son illərdə bütün sahələrdə olduğu kimi hərbi sahədə də Türkiyə ilə Azərbaycan arasından işgüzar əməkdaşlıq genişlənir. Nazir demişdir: “Azərbaycan təcavüzə məruz qaldığı ilk gündən Türkiyə birmənalı şəkildə Azərbaycanın haqq işini müdafiə etmiş və ən müxtəlif beynəlxalq qurumlarda da Azərbaycana dəstək vermişdir.
Ermənistanda və onun işğal altında saxladığı ərazilərdə Azərbaycan xalqının tarixi və mədəni abidələri məhv edilir. İşğal edilmiş Azərbaycan ərazilərindən terrorçu təşkilatlara və terrorizmi dəstəkləyən rejimlərə silah ötürülməsi, beynəlxalq terror təşkilatları üçün terrorçuların hazırlanması, narkotik maddələrin istehsalı və dünyanın digər bölgələrinə tranzit məntəqə kimi istifadə edilir. Bu günədək Ermənistan tərəfi həmin nəzarətsiz ərazilər vasitəsilə PKK terrorçularına külli miqdarda silah və sursat ötürmüşdür.
Biz mövcud problemin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq, ona görə də Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş torpaqlarmızdan qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edirik.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri işğal olunmuş ərazilərdə yaradılmış terror mərkəzlərini məhv etməyə və torpaqlarmızı azad etməyə hazırdır”.
General-polkovnik S.Əbiyev fikrini davam etdirərək söyləmişdir ki, Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Trabzon görüşü zamanı imzalanmış sənədlər regionda qarşılıqlı birgə fəaliyyətimizin, o cümlədən hərbi sahədə əməkdaşlığımızın dərinləşdirilməsi üçün yeni şərait yaratmışdır.
O, demişdir: “Bu günədək ölkələrimiz arasında bir çox sənəd, o cümlədən hərbi sahədə 30 müqavilə, saziş və protokol imzalanmışdır. Daha bir neçə mühüm sənəd yaxın müddət ərzində imzalanacaqdır. Bu sazişlər iki dövlətin hərbi əlaqələrinin xalqlarımızın mənafeyinə uyğun inkişaf etməsinə xidmət edir”.
Daha sonra general-polkovnik S.Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinə toxunaraq qeyd etmişdir ki, hərbçilərimiz öz türk həmkarları ilə NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında çiyin-çiyinə iştirak edirlər. O, demişdir: “Hazırda Kosovoda Türkiyə Silahlı Qüvvələri sülhməramlı taburunun tərkibində Azərbaycan taqımı uğurla öz beynəlxalq missiyasını yerinə yetirir. Bu fəaliyyətimizin davamı kimi biz Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirakımızı istisna etmirik.
Eyni zamanda qeyd edirik ki, Əfqanıstanda həyata keçirilən antiterror əməliyyatlarına yaxın gələcəkdə Türkiyənin rəhbərlik edəcəyindən qürur hissi duyuruq”.
Azərbaycan Respublikasının Müdafiə naziri Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə toxunaraq vurğulamışdır ki, bu ildən Bakı-Tbilisi-Ceyhan neft və bunun ardınca Bakı-Tbilisi-Ərzrum qaz kəmərlərinin inşası başlanır. Bu kəmərlər yalnız Azərbaycan və Türkiyə üçün deyil, həmçinin Asiya və Avropa dövlətləri üçün də böyük əhəmiyyət kəsb edir. Dünyada və Qafqaz regionunda cərəyan edən hadisələr Azərbaycanla Türkiyə arasında hərbi sahədə daha əsaslı və səmərəli müqavilənin bağlanmasını zəruri edir.
Səmimi qəbula və Azərbaycan-Türkiyə əlaqələrini yüksək qiymətləndirdiyinə görə, cənab S.Çakmakoğlu general-polkovnik S.Əbiyevə təşəkkür etmişdir. O, qeyd etmişdir ki, biz qarşılıqlı əlaqələrimizi böyük türk millətinin iki dövləti kimi qurur və bu istiqamətdə də siyasət yürüdürük.
Sonra cənab S.Çakmakoğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təhsil sistemində yüksək nailiyyətlərin olduğunu vurğulayaraq bildirmişdir: “Azərbaycan Silahlı Qüvvələri sülhü qorumaq üçün savaşa biləcək qədər güclü olmalı və qalib gəlməyi bacarmalıdır. Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı bundan sonra da hərtərəfli inkişaf etdiriləcəkdir”.
Cənab S.Çakmakoğlu Türkiyə-Azərbaycan siyasi-iqtisadi-ticari əlaqələrinə toxunaraq bildirmişdir ki, Azərbaycanın Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə öz enerji daşıyıcılarını Türkiyədən Qərbə ötürməsinə dastək verməsi, Türkiyənin zənginliyini artırır.
O, PKK terroru ilə mübarizədə Azərbaycan xalqının həmişə Türkiyənin yanında olduğunu vurğulayaraq demişdir: “Bu vaxta qədər biz Azərbaycan üçün, Azərbaycan isə bizim üçün hər şey etmişdir. Bundan sonra da belə olacaqdır”.
Türkiyənin Müdafiə naziri Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq bildirmişdir ki, erməni məsələsi türk millətinin məsələsidir. O, demişdir: “Onların qisasçılıq hissləri bizə yaxşı məlumdur. Birinci dünya savaşında Türkiyə dövlətinə xəyanətləri nəticəsində təhlükəsiz yerə köçürmələrini onlar bu gün “soyqırımı” kimi qələmə verirlər... Bu gün Ermənistan Azərbaycanın ərazisinin beşdə birini işğal etmişdir. Biz Ermənistana bir qarış da olsun Azərbaycan torpağının verilməməsinin tərəfdarıyıq... Bu məsələnin həllində Azərbaycan hansı qərarı qəbul etsə, biz onu dəstəkləyəcəyik”.
Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin birinci müavini cənab Gürsel Evren və Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi attaşesi briqada generalı Ümid Kalender iştirak etmişlər.