Mayın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Müdafiə Planlaşdırması və Mənbələrin İstiqamətləndirilməsi İdarəsinin rəisi briqada generalı Cihangir Dumanlının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev humanitar missiya ilə Azərbaycana gələn nümayəndə heyətini səmimi salamlamış, yardıma görə Türkiyə Respublikası dövlətinin və Silahlı Qüvvələrinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Briqada generalı C.Dumanlı səmimi qəbul üçün Azərbaycanın Müdafiə nazirinə təşəkkür etmiş, Azərbaycan Respublikası və Türkiyə Respublikası Silahlı Qüvvələri arasında əlaqələrin daha da genişləndiyini qeyd etmişdir.
Sonra “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında təmənnasız hərbi yardım haqqında” Müqavilə və “Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında maliyyə yardımının tətbiqi haqqında” Protokol imzalanmışdır.
Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Ümid Kalender iştirak etmişdir.