Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 May 2002 00:00

Müdafiə Nazirliyinin məlumatı

Mayın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığının Xüsusi əməliyyatlar üzrə komandanı briqada generalı Lesli Fullerin rəhbərliK etdiyi nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamladıqdan sonra bildirmişdir ki, Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlıq getdikcə güclənməkdədir. Biz ABŞ ilə daha dərindən əməkdaşlıq etmək istəyirik. ABŞ-ın Müdafiə naziri cənab Donald Ramsfeld Azərbaycana səfər etdikdən və onun Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevlə apardığı danışıqlardan sonra bu əməkdaşlıq daha sıx şəkil almışdır. 11 sentyabr hadisələrindən sonra Azərbaycanın antiterror koalisiyasina qoşulması bizi daha da yaxınlaşdırdı.
Qəbul üçün Müdafiə nazirinə təşəkkür edən briqada generalı L.Fuller qeyd etmişdir ki, Azərbaycan geostrateji baxımdan çox əhəmiyyətli bir dövlətdir. O, demişdir: “Azadlığı müdafiə Aktı”na 907-ci düzəlişin müvəqqəti ləğvindən sonra güman edirəm ki, bizim xüsusi qüvvələrin və hərbi dəniz qüvvələrinin nümayəndələri 2002-ci ilin sonunadək Azəbaycana gələcəklər.
Burada minalardan təmizlənmə humanitar Mərkəzi yaradılacaq. Mərkəzdə treninq və təchizat işlərinin həyata keçirilməsi də nəzərdə tutulur”.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, sizin söylədiyiniz kimi Azərbaycan geostrateji baxımdan dünya üçün çox böyük əhəmiyyət kəsb edir. TRASEKA proqramının həyata keçirilməsi Avropa və Asiyanı birləşdirəcəkdir. “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi haqqında qərarın qəbul edilməsi də Azərbaycana dünya dövlətlərinin diqqətini bir daha artırmışdır.
Sonra Müdafiə naziri Ermənistan-Azərbaycan münaqişəsinin yaranma tarixinə toxunaraq vurğulamışdır ki, Ermənistan tarix boyu Azərbaycana qarşı ərazi iddialarında olmuşdur. SSRİ dağıldıqda isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini özünə birləşdirmək istəmişdir. Havadarlarının köməyi ilə Azərbaycanın 20 faiz ərazisini işğal etmişdir.
Müdafiə naziri demişdir: “Qafqazda heç zaman Ermənistan dövləti olmamışdır. 1828-ci ildə ilk dəfə çar Rusiyası tərəfindən Azərbaycan torpaqlarının hesabına “erməni vilayəti” yaradılmış və bu qurum iki əsr ərzində yenə də Azərbaycan torpaqlarının hesabına ərazisi 29 min kv.km-dən çox olan Ermənistan dövlətinə çevrilmişdir. Xəritəyə diqqətlə baxsanız görərsiniz ki, Ermənistan dövləti Azərbaycanı Türkiyədən ayırmaq məqsədilə yaradılmışdır”.
General-polkovnik S.Əbiyev söyləmişdir ki, bu gün Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət olduqca gərgindir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından PKK-çılara yardım ötürür və terrorçu qruplar hazırlayır. Hazırda burada bir çox terror təşkilatları fəaliyyət göstərir. O, demişdir: “Lakin bu gün dünyada geosiyasi vəziyyət dəyişmişdir. Hesab edirəm ki, bəzi dövlətlər tərəfindən vaxtilə Cənubi Qafqaz regionunda Ermənistan Respublikasına həvalə edilən destruktiv rol oynamaq missiyasi başa çatmaq üzrədir. Vəziyyət get-gedə daha da dəyişəcəkdir. Ermənistan Respublikasına onun işğalçı və terrorçu olduğunu demək vaxtı çatmışdır...
Azərbaycan Respublikası isə beynəlxalq antiterror əməliyyatlarında sonadək iştirak etmək əzmindədir. Qərara alınmışdır ki, Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı bölməsi Əfqanıstanda da iştirak edəcəkdir”.
Ətraflı informasiya və maraqlı söhbət üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən briqada generalı L.Fuller demişdir ki, mən ikitərəfli ABŞ-Azərbaycan hərbi əməkdaşlığının və terrorizmə qarşı mübarizənin dərinləşəcəyinə inanıram. NATO ilə əməkdaşlıq istiqamətində göstərdiyiniz səyləri alqışlayıram.
Görüşdə iştirak edən ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin müavini xanım Nensi Makldouni qeyd etmişdir ki, ABŞ-ın bir çox şirkətlərinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərinin inşasında iştirak etməsi ABŞ-Azərbaycan hərbi əməkdaşlığının güclənməsinə də yardım edəcəkdir.
General-polkovnik S.Əbiyev əlavə etmişdir ki, bu yaxınlarda kəmərin inşası başlanır. Azərbaycanın işğal olunmuş ərazilərində külli miqdarda silah-sursatın toplanması buna təhlükədir, təcili olaraq bu təhlükəni aradan qaldırmaq və Ermənistana aqressor olduğunu demək lazımdır.
Müdafiə nazirinə cavab olaraq, xanım N.Makldouni demişdir: “Biz də bu fikirdəyik. Bu istiqamətdə iş aparılır. Prezident H.Əliyevin dediyi kimi, Ermənistan-Azərbaycan münaqişəsinin həllində dinc yolla gedərək, nəticə əldə edəcəyik”.  
Sonda general-polkovnik S.Əbiyev ümid etdiyini bildirmişdir ki, ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasında öz qəti sözünü deyəcək və işğalın nəticələrinin aradan qaldırılmasında həlledici rol oynayacaqdır. O, demişdir: “Çünki ABŞ hər sahədə tərəqqiyə yardım edir. Azərbaycan isə öz növbəsində ABŞ ilə çox yüksək səviyyədə əməkdaşlıq edir”.