Sentyabrın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Rudolf Perina (Amerika Birləşmiş Ştatları), Nikolay Qribkov (Rusiya Federasiyası) və Yuq Perneni (Fransa Respublikası) qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamladıqdan sonra bildirmişdir ki, ötən ilin noyabr ayında mən sizi bu tərkibdə qəbul etmişdim. Təəssüflər olsun ki, bu dövr ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllində heç bir pozitiv dəyişiklik əldə edilməmişdir.
Rusiyalı həmsədr N.Qribkov qəbul üçün Müdafiə nazirinə təşəkkür etmiş və bildirmişdir ki, sizinlə bu görüşə şadıq. Bizim məqsədimiz münaqişənin həllinə kömək etməkdir və bu istiqamətdə durmadan çalışırıq.
O, demişdir: "Biz regiona səfərimizi Yerevandan başladıq, Ermənistanın prezidenti Robert Koçaryan və Müdafiə naziri Serj Sarkisyanla görüşdük. Prezident R.Koçaryan prezident Heydər Əliyevlə keçirilən Sədərək görüşü haqqında çox yüksək fikirdədir".
Amerikalı həmsədr R.Perina da Yerevanda əhəmiyyətli görüşlər keçirildiyini qeyd etmişdir. O, bildirmişdir: "Prezidentlərlə hər bir yeni görüşümüz məsələnin həllini sürətləndirmək istiqamətində bizə yeni impuls verir. Problemin çözülməsində tərəqqi çox güman ki, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra əldə ediləcəkdir. Biz indiki vəziyyəti qoruyub saxlamalı və buna münasib atmosfer hazırlamalıyıq".
Fransalı həmsədr Y.Perne də Yerevanda keçirilən görüşlər haqqında təəssüratını Müdafiə naziri ilə bölüşmüşdür.
General-polkovnik S.Əbiyev ətraflı informasiya üçün həmsədrlərə təşəkkür etmiş və qeyd etmişdir ki, sizin mövqeiniz bizə məlumdur. O, demişdir: "Ermənistan Respublikası Azərbaycan torpaqlarını işğal edib və işğalçı dövlətdir. Bir milyondan artıq azərbaycanlı qaçqın çadırlarında dözülməz vəziyyətdə yaşayır. Dağlıq Qarabağda isə hazırda 40-45 min erməni qalmışdır. Belə çıxır ki, bir qrup erməni 1 milyondan artıq azərbaycanlının insan kimi yaşamaq hüququnu əlindən almışdır.
Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquq normaları və BMT-nin Təhlükəsizlik Şurasının 4 Qətnaməsinin tələbləri əsasında həll edilməlidir. Bu qətnamələrin tələblərinə sözsüz əməl olunmalı, bu barədə dünya ictimaiyyətinə ardıcıl məlumat verilməli və bu istiqamətdə işğalçı Ermənistan dövləti ilə iş aparılmalıdır. Təəssüflər olsun, heç kim demir ki, Ermənistan bütün beynəlxalq hüquq normalarını pozmuşdur".
General-polkovnik S.Əbiyev fikrini davam etdirərək vurğulamışdır ki, 1994-cü ildən atəşkəs rejimi əldə edilmiş və o zamandan danışıqlar gedir. Lakin bu danışıqlar sonsuzluğa qədər davam edə bilməz.
Müdafiə nazirinin bu fikri ilə razı olduqlarını bildirən həmsədrlər qeyd etmişlər ki, biz Azərbaycan xalqının əzablarını yaxşı başa düşürük. Lakin məsələnin kompromislə həllindən başqa yol yoxdur. Biz kompromis axtarır və Ermənistan-Azərbaycan münaqişəsinin həllində prezidentlərə kömək etmək istəyirik. Biz məsələnin ədalətli həlli yolunu tapmaq istəyirik. Münaqişənin müharibə yolu ilə həlli Qafqaz regionunda mövcud olan heç bir problemin həllinə müsbət təsir edə bilməz.
Amerikalı həmsədr bir daha qeyd etmişdir: "Güman ki, 2003-cü ilin ikinci yarısı məsələnin həllində çox əhəmiyyətli olacaqdır. Münaqişəni həll etmək vaxtı yaxınlaşır".
General-polkovnik S.Əbiyev demişdir: "Sizin nikbinliyiniz bizi çox sevindirir. Münaqişə uzandıqca müharibənin yenidən başlanması şansı artır. Onu tezliklə həll etmək lazımdır. Düşməni dilə tutmaq vaxtı çoxdan keçmişdir.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ross Uilson və Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Şantal Puare iştirak etmişlər.