Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Sentyabr 2002 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Müdafiə naziri cənab Nikolay Svinarovun dəvətilə sentyabrın 25-də Sofiya şəhərinə rəsmi səfərə gəlmişdir.
General-polkovnik S.Əbiyevi Sofiya beynəlxalq hava limanında Bolqarıstan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-leytenant Dmitr Zextinov və digər rəsmi şəxslər qarşılamışlar.
Həmin gün Naməlum əsgərin məqbərəsi önündə general-polkovnik S.Əbiyevin Bolqarıstan Respublikasının Müdafiə naziri cənab N.Svinarov tərəfindən təntənəli qarşılanma mərasimi olmuşdur. Onun şərəfinə Bolqarıstan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüşdür. Fəxri Qarovulun rəisi, general-polkovnik S.Əbiyevə raport vermişdir. Azərbaycan Respublikası və Bolqarıstan Respublikasının dövlət himnləri səslənmişdir.  
Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçmişlər.
General-polkovnik S.Əbiyev Naməlum əsgərin məqbərəsi önünə əklil qoymuşdur.
Sonra Müdafiə Nazirliyində general-polkovnik S.Əbiyev və cənab N.Svinarov arasında rəsmi görüş keçirilmiş, Azərbaycan-Bolqarıstan ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Sonda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Bolqarıstan Respublikası Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanmışdır.
Saziş müdafiə və təhlükəsizlik siyasəti, hərbi-iqtisadi və hərbi-texniki fəaliyyət, kadrların hazırlanması, hərbi qanunvericilik, hərbi-elmi və hərbi-tibbi sahələrdə əməkdaşlığı, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində keçirilən tədbirlərdə birgə iştirakı və digər sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Sənədi Azərbaycan Respublikası tərəfindən general-polkovnik S.Əbiyev, Bolqarıstan Respublikası tərəfindən cənab N.Svinarov imzalamışlar.
Səfər zamanı general-polkovnik S.Əbiyev Bolqarıstan parlamenti Xarici siyasət, Müdafiə və Təhlükəsizlik üzrə komissiyasının sədri cənab Stanimir İlçev ilə görüşmüşdür.
General-polkovnik S.Əbiyev komissiya sədrinə Ermənistan-Azərbaycan münaqişəsi haqqında ətraflı məlumat vermiş və Azərbaycanın öz torpaqlarının işğal altında qalması ilə heç zaman razılaşmayacağı barəsində fikrini bildirmişdir. Cənab S.İlçev öz növbəsində komissiyanın işi barədə ona ətraflı məlumat vermişdir.
General-polkovnik S.Əbiyev səfər zamanı "Qraf İqnatiyevo" aviasiya bazasını ziyarət etmiş, hərbi hissənin komandiri və şəxsi heyəti ilə görüşmüş, qərargahı və komanda-dispetçer məntəqəsi, hərbi aerodromun infrastrukturu və maddi-texniki bazası ilə tanış olmuşdur.
Sonra o, Bolqarıstan Respublikası Silahlı Qüvvələrinin Georgi Stoykov Rakovski adına Hərbi Akademiyasını ziyarət etmiş, onun maddi-tədris bazası, müəllim-professor heyəti və strukturu ilə tanış olmuşdur.
General-polkovnik S.Əbiyev Bolqarıstan Müdafiə Nazirliyində daha bir görüş keçirmiş, nazirliyin hərbi-sənaye və hərbi-texniki sahələr üzrə mütəxəssisləri ilə tanış olmuş və onlarla əməkdaşlığın əsas istiqamətIəri üzrə fikir mübadiləsi etmişdir.
Səfərin sonunda Müdafiə naziri Bolqarıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Nikola İvanov Kolevlə görüşmüşdür.
Görüş zamanı Azərbaycan və Bolqarıstan Silahlı Qüvvələri arasında qarşılıqlı əlaqələr və hərbi əməkdaşlığın əsas istiqamətləri müzakirə obyekti olmuşdur.     
Nümayəndə heyəti sentyabrın 27-də Vətənə qayıtmışdır.