İyulun 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Toşiyuki Fucivaranı, Rusiya Federasiyası və Azərbaycan Respublikasındakı hərbi attaşesi Koki Araseni qəbul etmişdir.
Onları salamladıqdan sonra Müdafiə naziri səfir T.Fucivaranı yeni təyinatı münasibətilə təbrik etmiş və ona Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin daha da yaxşılaşdırılması yolunda uğurlar arzulamışdır. Nazir qeyd etmişdir ki, hazırda Azərbaycan-Yaponiya münasibətləri yüksək səviyyədədir, Yaponiya Azərbaycanda energetika sahəsinin inkişaf etməsinə xüsusi diqqət yetirir. O, demişdir: “Yaponiya dünyada öz yeri və mövqeyi olan dövlətdir və mən inanıram ki, Azərbaycan-Yaponiya ikitərəfli əlaqələri daha da sıx olacaqdır”.
Yaponiya dövlətinin ünvanına xoş sözlər dediyinə görə, səfir T.Fucivara general-polkovnik S.Əbiyevə təşəkkür edərək öz fəaliyyəti barədə ona ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, həqiqətən də Azərbaycan-Yaponiya əlaqələri yüksələn xəttlə inkişaf edir. Bu günlərdə Yaponiya nümayəndə heyətinin Azərbaycanda olması, Respublika Prezidenti və hökumət rəhbərliyi ilə görüşləri bunu bir daha sübüt edir. Yaponiya bundan sonra da Azərbaycan iqtisadiyyatına yardım etməyə hazırdır və mən bir səfir kimi bu prosesi yaxından izləyəcəyəm. O, demişdir: “Yaponiya Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olmasında çox maraqlıdır”.
General-polkovnik S.Əbiyev Azərbaycan Respublikasının müstəqillik yolu ilə inamla addımladığını vurğulayaraq demişdir ki, Azərbaycan bu yoldan dönməyəcəkdir. O, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və nəticələri haqqında qonağa ətraflı məlumat verərək demişdir: “Azərbaycan bir qarış da torpağını Ermənistana verməyəcəkdir. Biz dövlətimizin ərazi bütövlüyünü mütləq bərpa edəcəyik. Çalışırıq ki, bu münaqişə dinc yolla öz həllini tapsin. Lakin torpaqlarımızı zorla işğal edən düşmən xoşla bu əraziləri tərk etmək istəmir. Əgər bu belə olacaqsa, bizim torpaqlarımızı azad etməyə qadir Silahlı Qüvvələrimiz vardır”.
Onu maraqlandıran suallara ətraflı cavab verdiyinə görə general-polkovnik S.Əbiyevə təşəkkür edən səfir T.Fucivara bəyan etmişdir ki, Yaponiya Azərbaycanın haqq işini dəstəkləyir və onun ərazi bütövlüyünün sülh yolu ilə bərpa olunmasını arzu edir.
Tərəflər, eyni zamanda, hərbi sahədə əməkdaşlığın yolları barəsində söhbət etmişlər.