Martın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müdafiə sahəsində İkitərəfli Azərbaycan-ABŞ Məsləhətləşmə Qrupunu tam heyətdə qəbul etmişdir.
Məsləhətləşmə Qrupunun martın 27-si və 28-də gördüyü faydalı işləri təqdir edən Müdafiə naziri gələcək təmaslardan daha böyük uğurlar əldə ediləcəyini vurğulamışdır.
Məsləhətləşmə Qrupunun rəhbəri xanım Mira Rikardel Müdafiə Nazirliyinin yaratdığı şəraitə görə general-polkovnik S.Əbiyevə təşəkkür etmiş və bildirmişdir ki, ilk dəfə Azərbaycana gəlməyini və belə bir faydalı əməkdaşlıq işində ABŞ-ın Müdafiə Nazirliyini təmsil etməyi özünə böyük şərəf duyur. Xanım M.Rikardel Bakıda keçirilən uğurlu görüşlər haqqında ABŞ Müdafiə naziri cənab Donald Ramsfeldə ətraflı məlumat verəcəyini bildirmişdir.
General-polkovnik S.Əbiyev demişdir: “Bu gün görülən işlər Azərbaycan-ABŞ hərbi əməkdaşlığı istiqamətində atılan ilk addımlardır. Bundan sonra daha böyük işlər görüləcəyini gözləyirik”. Müdafiə naziri Məsləhətləşmə Qrupunun üzvlərini səmərəli işə görə təbrik etmiş və onlara uğurlar arzulamışdır.
Sonra “Müdafiə sahəsində ikitərəfli Azərbaycan-ABŞ məsləhətləşmələrinin birinci sessiyası həmsədrlərinin birgə bəyanatı”nın imzalanma mərasimi olmuşdur. Bəyanatı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini general-mayor Eyvaz Cəfərov, ABŞ Müdafiə Nazirliyi tərəfindən Müdafiə naziri müavininin Avrasiya üzrə müavini xanım Mira Rikardel imzalamışlar. Birgə Bəyanatda deyilir:
“Milli təhlükəsizlik, ərazi bütövlüyü və suverenliyin qarşılıqlı surətdə möhkəmləndirilməsində ümumi maraqları təsdiqləyərək, xüsusilə 2001-ci ilin 11 sentyabr hadisələrini nəzərə almaqla, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarına “Daimi Azadlıq” əməliyyatında göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə edərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi 27-28 mart 2002-ci il tarixlərində Bakı şəhərində, Azərbaycan Respublikası, müdafiə sahəsində İkitərəfli Məsləhləşmələrin birinci sessiyasını keçirmişlər.
Azərbaycan Respublikası Müdafiə nazirinin və Amerika Birləşmiş Ştatları Müdafiə Nazirinin adından iclasa Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini general-mayor Eyvaz Cəfərov və Müdafiə nazirinin müavininin Avrasiya üzrə müavini xanım Mira Rikardel sədrlik etmişlər. Bu məsləhətləşmələrin məqsədi iki müdafiə idarəsi arasında əməkdaşlıq sahələrini müayyənləşdirməkdən ibarət idi.
Müdafiə sahəsində ikitərəfli məsləşmələr nəticəsində, həmsədrlər qarşıdakı il ərzində səylərin ikitərəfli qaydada müəyyən edilmiş məqsədlərə aşağıdakı üç sahədə nail olunmasına yönəldilməsi barədə razılığa gəlmişlər. Birinci: sülhməramlı bölmələr da daxil olmaqla, hər iki tərəfin hərbi hissələri arasında qarşılıqlı fəaliyyət qabiliyyətinin inkişafı və möhkəmləndirilməsi. İkinci: dəniz sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin imkanlarının genişləndirilməsi. Üçüncü: Azərbaycan Respublikasının aerodromlarının və hava məkanının idarə olunmasına nəzarət sisteminin standartlaşdırılması. İngilis dilinin öyrənilməsi əməkdaşlığın hər üç sahəsinin möhkəmləndirilməsinə yardım göstərilməsində prioritet təşkil edir.
Bu üç sahənin dəstəklənməsi üçün Azərbaycan Respublikası və ABŞ ehtiyacların müəyyənləşdirilməsi, eləcə də təlim və təhsil daxil olmaqla, təhlükəsizlik sahəsində yardım göstərilməsi üzrə proqramların yaradılmasına başlamaq üçün ekspert qruplarının mübadiləsini planlaşdırırlar. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və ABŞ-ın Avropa komandanlığı arasında Hərbi Əlaqələr Planı da imzalanacaqdır.
Xarici Hərbi Maliyyələşdirmə və Beynəlxalq Hərbi Təhsil və Təlim proqramları xətti ilə dəstəyə ehtiyacı olan müdafiə layihələri sahəsində prioritetlərin müəyyən edilməsi məqsədilə, qərara alınmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və ABŞ-ın Hərbi Attaşelik ofisinin nümayəndələrindən ibarət müştərək komitə yaradılsın.
Tərəflər qeyd etmişlər ki, onların müdafiə sahəsində əməkdaşlığı Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Hökumətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın mühüm elementi kimi inkişaf edəcəkdir.
Müdafiə sahəsində Məsləhətləşmə Qrupunun növbəti sessiyasının 2003-cü ilin yazında Vaşinqton şəhərində keçirilməsi haqqında razılıq əldə edilmişdir”.
Birgə Bəyanat imzalandıqdan sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir. Jurnalistlərin suallarını general-polkovnik S.Əbiyev və xanım M.Rikardel cavablandırmışlar.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ross Uilson iştirak etmişdir.