Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Mart 2002 00:01

Müdafiə Nazirliyinin məlumatı

Martın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müdafiə Sahəsində İkitərəfli ABŞ-Azərbaycan Məsləhətləşmə Qrupunun ABŞ tərəfdən rəhbəri xanım Mira Rikardeli qəbul etmişdir.
Xanım M.Rikardeli salamlayan Müdafiə naziri bildirmişdir ki, Azərbaycan-ABŞ hərbi əməkdaşlığı 1997-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və ABŞ-ın o zamankı Müdafiə naziri cənab Uilyam S.Koenin Vaşinqtonda birgə bəyanat imzalaması ilə başlamışdır.
Bu sənəd imzalandıqdan sonra Azərbaycanın Müdafiə Nazirliyi ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı və Corc Marşall adına Təhlükəsizlik Araşdırmaları üzrə Avropa  Mərkəzi ilə fəal əməkdaşlığa başlamışdır. “Azadlığı Müdafiə Aktı”na əlavə 907-ci düzəlişin müvəqqəti ləğvindən sonra isə Azərbaycan-ABŞ hərbi əməkdaşlığında yeni mərhələ başlamışdır.  
2001-ci ilin sentyabr hadisələrindən dərhal sonra Azərbaycan ABŞ-ın başladığı antiterror əməliyyatlarını dəstəkləyən ilk dövlətlərdən biri olmuşdur. Çünki Azərbaycan özü Ermənistan Respublikası tərəfindən terrora və işğala məruz qalan bir dövlətdir. Bu terror aktları nəticəsində 2000 nəfərdən çox Azərbaycan vətəndaşı həlak olmuşdur.
Ermənistan dövləti işğal olunmuş Azərbaycan torpaqlarında terrorçu qruplar hazırlayır, bu ərazilərdən terrorçu təşkilatları silahlandırmaq üçün istifadə edir və bu əraziləri narkotik maddələrin tranziti məntəqəsinə çevirmişdir.
General-polkovnik S.Əbiyev fikrini davam etdirərək demişdir ki, Azərbaycan dövləti münaqişənin həllində özünün ərazi bütövlüyünün saxlanması uğrunda mübarizə aparır və işğalçı Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsini tələb edir. Azərbaycan məsələnin həllində ATƏT-in Minsk Qrupuna, onun həmsədrləri olan dövlətlərə, o cümlədən ABŞ-a böyük ümid bəsləyir.
Müdafiə naziri sonra demişdir: “Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında fəal iştirak edir və bu əməkdaşlığı genişləndirmək fikrindədir. Azərbaycan Silahlı Qüvvələrində sülhməramlı bölmə yaradılmışdır və taqımımız  hazırda Kosovoda sülhməramlı əməliyyatları həyata keçirir.
Ötən ilin noyabr ayında Bakıda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində çoxmillətli, sülhməramlı komanda-qərargah “Kooporativ Determineyşn – 2001” təlimləri keçirilmiş, 2003-cü ildə isə “Kooperativ Best Effort” çoxmillətli real səhra təlimlərinin keçirilməsi planlaşdırılır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Avro-Atlantika Tərəfdaşlıq Şurası Analiz və Planlaşdırma Prosesinə qoşulmuşdur. Biz Silahlı Qüvvələr quruculuğunda NATO standartlarına yaxınlaşma prinsipini əsas götürürük. Güman edirəm ki, Bakıda keçirilən bu görüşlərdən sonra bu proses gücləndiriləcəkdir.
Biz “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin müvəqqəti ləğvində təşəbbüskarlardan biri olduğuna və onun ləğv edilməsinə yaxından yardım göstərdiyinə görə ABŞ Müdafiə nazirinə təşəkkürümüzü bildiririk.
Ümid edirəm ki, Azərbaycan-ABŞ əməkdaşlığı bizim regionda strateji tərəfdaşlıq xarakteri alacaqdır”.
Səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkür edən xanım M.Rikardel sentyabr hadisələrindən dərhal sonra antiterror əmətiyyatını dəstəklədiyinə görə Azərbaycan rəhbərliyinə öz minnətdarlığını bildirmişdir. O demişdir: “Biz bu gün ABŞ-Azərbaycan hərbi əməkdaşlığının yeni erasına qədəm qoyduq. Biz bu əməkdaşlığın böyük nəticələr verəcəyini gözləyirik. ABŞ-ın Müdafiə naziri cənab D.Ramsfeld bu istiqamətdə Qafqaz dövlətlərinə, xüsusilə Azərbaycana böyük ümidlər bəsləyir. ABŞ Konqresi də təhlükəsizlik sahəsində həyata keçiriləcək bu əməkdaşlığa böyük əhəmiyyət verir. Bizim bu gün başlayan əməkdaşlığımız uzun illər davam edəcəkdir”.
Xanım M.Rikardel fikrini davam etdirərək bildirmişdir ki, hərbi əməkdaşlıqda münasibətlərin ikitərəfli şəffaf olması da əsas şərtlərdən biridir.
O, qeyd etmişdir ki, Müdafiə sahəsində əməkdaşlığın əsas istiqamətləri isə dənizdə təhlükəsizliyin təmin edilməsi, hava məkanına daimi nəzarət və regionda sülhün dəstəklənməsindən ibarətdir.
Sonra general-polkovnik S.Əbiyev xanım M.Rikardeli Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətlə tanış etmiş və onu maraqlandıran suallara cavab vermişdir.  
Görüşdə Azərbaycan Respubliksının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri cənab Hafiz Paşayev və ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ross Uilson iştirak etmişlər.