Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Mart 2002 00:01

Müdafiə Nazirliyinin məlumatı

Martın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Finlandiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Timo Aleks Lahelmanı qəbul etmişdir.
Qonağı salamlayan Müdafiə naziri onu yeni təyinatı münasibətilə təbrik etmiş və Azərbaycan-Finlandiya münasibətlərinin inkişafında uğurlar arzulamışdır.
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən cənab T.A.Lahelma ölkəsinin inkişaf tarixi, Finlandiya Müdafiə siteminin həmişə müstəqil olduğu, Silahlı Qüvvələrinin NATO standartlarına yaxın və onunla sıx münasibətdə olması barədə ona ətraflı məlumat vermişdir.
Sonra o, Finlandiya-Azərbaycan hərbi münasibətlərinin yaradılması və inkişaf etdirilməsi arzusunda olduğunu açıqlamışdır. O, demişdir: “Ordu quruculuğu sahəsində bir-birinin nailiyyətləri ilə tanış olmaq üçün zabit heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi məqsədəuyğun olardı”.
General-polkovnik S.Əbiyev qonağı Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətlə tanış etmiş, Ermənistan-Azərbaycan müharibəsinin tarixi kökləri və nəticələri haqqında ona məlumat vermişdir. O, demişdir: “Qafqazda heç zaman erməni dövləti olmayıb. 1828-ci ildə Çar Rusiyasının qərarı ilə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “erməni vilayəti” yaradılmışdır. Onun əhalisinin 90 faizi azərbaycanlılar, 7-8 faizi ermənilər, qalanını isə başqa millətlər təşkil edirdi. Ərazisi isə 9 min kv. km olmuşdur. O, zamandan bəri Ermənistanın ərazisi Azərbaycan torpaqlarının hesabına 29,9 min kv.km-ə çatdırılmışdır. 1923-cü ildə Stalinin iradəsi ilə Azərbaycanın Zəngəzur torpaqları Ermənistana birləşdirildi. Beləliklə, Naxçıvan Azərbaycandan ərazi baxımından ayrı düşdü. Ermənistan Respublikasının hesabına Türkiyə ilə keçmiş Sovet İttifaqı arasında “bufer zona” yaradıldı.
Ermənilər Dağlıq Qarabağa da 1828-ci ildə köçürülüb. 1923-cü ildə Sovet rəhbərliyinin dəstəyilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. SSRİ dağıldıqda isə Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək üçün Azərbaycanla elan olunmamış müharibəyə başladı və öz tarixi havadarlarının köməyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal etdi.
Azərbaycan heç zaman Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə razılaşmayacaq. Ermənistan münaqişənin həllində destruktiv mövqe tutaraq təxribatçılıq siyasəti yürüdür və Azərbaycanı yeni müharibəyə cəlb etmək istəyir. Belə olarsa, onu heç bir qüvvə məğlubiyyətdən xilas etməyəcəkdir”.
Sonra general-polkovnik S.Əbiyev səfir T.A.Lahelmanı maraqlandıran suallara cavab vermişdir.