Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Mart 2002 00:01

Müdafiə Nazirliyinin məlumatı

Martın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələri Kollecinin müəllim və dinləyicilərindən ibarət nümayəndə  heyətini qəbul etmişdir.
Qonaqları salamlayan general-polkovnik S.Əbiyev demişdir ki, biz nümayandə heyətinin səfərinə böyük əhəmiyyət veririk, çünki Siz öz gözlərinizlə görürsünüz ki, Azərbaycan Respublikası müstəqillik illərində hansı nailiyyətləri əldə etmişdir. Azərbaycan dünyanın təhlükəsizlik strukturlarına inteqrasiyasını davam etdirir, bu istiqamətdə NATO və ABŞ-la əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bu əməkdaşlıq daha da genişlənməli və dərinləşməlidir. Sizin nümayəndə heyətinin səfəri də bu baxımdan çox faydalıdır. Arzu edərdim ki, bizim Silahlı Qüvvələrin nümayəndələri də Sizin Kollecdə təhsil alsınlar.
Nümayəndə heyətinin rəhbəri polkovnik Con Cocerst səmimi sözlər və qəbul üçün Müdafiə nazirinə Kollec rəisinin adından təşəkkür etmişdi. O qeyd etmişdir ki, Qafqaz regionuna səfər nümayəndə heyəti üçün olduqca maraqlıdır.
Sonra nümayəndə heyəti üzvlərinin suallarını cavablandıran general-polkovnik S.Əbiyev bu gün Cənubi Qafqaz regionunda mövcud  olan hərbi-siyasi vəziyyətlə onları ətaflı tanış etmişdir. O demişdir: “Regionda işğalçılıq siyasəti yeridən Ermənistan Respublikası separatçılığı və terrorizmi dəstəkləyən bir dövlət imici qazanmışdır. O işğal etdiyi Azərbaycan ərazilərində külli miqdarda uçotsuz və nəzarətsiz silah və texnika toplamış, onları buradan PKK terrorçularına ötürür”.
Başqa bir suala cavab verən Müdafia naziri demişdir: “Azərbaycan bəyan etmişdir ki, onun ABŞ-la əməkdaşlığı strateji xarakter daşıyır və NATO ilə əməkdaşlığını durmadan davam etdirəcəkdir. Bu bəyanat bəzi dövlətləri narahat etsə də, Azərbaycan rəhbərliyi bu istəyini gizlətməmişdir.
Biz Azərbaycan Silahlı Qüvvələr quruculuğunu NATO standartlarına uyğun şəkildə davam etdiririk. Başqa sözlə, Silahlı Qüvvələrin təhsil sistemi NATO standartlarına uyğun yenidən qurulmuş və biz məktəblərimizdə dünya hərb elminin müasir tələblərinə cavab verən zabit kadrları hazırlayırıq”.
Qonaqlardan birinin “Naxçıvanın təhlükəsizliyi narahatlıq doğurur”, - sualına general-polkovnik S.Əbiyev cavab olaraq demişdir: “Qafqazda heç zaman Ermənistan dövləti olmamışdır. Rusiya-İran müharibəsində Rusiyaya fəal yardım göstərdiklərinə görə çar Rusiyası 1828-ci ildə ermənilərə mükafat olaraq Azərbaycanın Naxçıvan və İrəvan xanlıqlarının ərazisi hesabına “erməni vilayəti”ni yaratdı. Buraya İrandan və digər dövlətlərin ərazisindən zorla erməni ailələri köçürülüb yerləşdirildi. “Erməni vilayəti”nin ərazisi 9 min km2-dən bir az çox, əhalisinin əksəriyyəti isə azərbaycanlılar idi. Qafqazda sovet rejimi qurulduqdan sonra Azərbaycanın Zəngəzur vilayəti da zorla Azərbaycandan qoparılıb Ermənistana verildi. Beləliklə, Naxçıvan Azərbaycandan ayrı salındı. Bu gün ermənilər Ermənistanda “Naxçıvan” cəmiyyəti yaradıb hay-küy qoparırlar ki, guya Naxçıvan onların qədim torpağıdır. Bununla da Ermənistan Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış edərək regionda öz işğalçılıq siyasətini davam etdirir”.
Qonaqların müxtəlif səpkili suallarını cavablandıran general-polkovnik S.Əbiyev sonda demişdir: “Azərbaycan xalqı Ermənistanın işğalçılıq siyasətindən və erməni terrorundan çox bəlalar çəkmişdir. Buna görə də o, antiterror əməliyyatlarında iştirakını sonadək davam etdirmək əzmindədir”.