Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyun 2002 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyunun 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Şantal Puareni, Gürcüstan və Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Fransis Monkobeqi qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Fransa Respublikası Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in həmsədrlərindən biridir və ümid edirik ki, o bu münaqişənin dinc yolla həll edilməsində fəaliyyətini bundan sonra daha da artıracaqdır.
Xanım Ş.Puare qəbul üçün general-polkovnik S.Əbiyevə minnətdarlıq edərək söyləmişdir ki, səfirlik etdiyi 9 ay müddətində Azərbaycanın problemlərini, o cümlədən Dağlıq Qarabağ problemini yaxından öyrənmiş və onların həllində əlindən gələn köməyi əsirgəməmişdir. O demişdir: “Çətinliklərə baxmayaraq, irəli getmək lazımdır. Prezident Heydər Əliyev bu problemin dinc yolla həll edilməsində öz qüvvəsini əsirgəmir və biz də onun səylərini həmişə dəstəkləyirik”.
General-polkovnik S.Əbiyev Azərbaycanın Fransa ilə siyasi münasibətlərinin yaxşı olduğunu vurğulayaraq demişdir ki, iki dövlət Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həlli istiqamətində sıx siyasi əməkdaşlıq edir. O, demişdir: “Bu münaqişənin indiyə kimi həll edilməməsi, dünya ictimaiyyətinin Ermənistanı işğalçı dövlət kimi tanımaması bizi narahat edir. Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın bütün maddi-mədəni sərvətlərini qarət etmişdir. Azərbaycan məsələnin bu qədər uzadılmasına daha dözə bilməz. Xalqımız torpaqlarının qaytarılmasını tələb edir. İşğalçı Ermənistan isə BMT Təhlükəsizlik Şurası Qətnamələrinin tələblərini yerinə yetirmir, ümümiyyətlə, ictimai rəyi qəbul etmir”.
Sonra general-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinin səbəblərini şərh etmiş və onun nəticələri barəda geniş söhbət açmışdır. O, demişdir: “Ermənistan zaman-zaman Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüş, 1923-cü ildə sovet rəhbərliyinin birbaşa təzyiqi ilə Azərbaycanın Zəngəzur bölgəsini işğal etmiş, nəticədə Naxçıvan Muxtar Respublikası anklav vəziyyətinə düşmüşdür. O, bu gün nəinki Azərbaycana, hətta Türkiyə Respublikasına da ərazi iddiaları ilə çıxış edir. Bu iddialar onları iflasa gətirib çıxara bilər. Ermənistanın bugünkü terrorçu yaraqlılardan ibarət rəhbərliyinin erməni xalqını hara apardığı məlum deyil. Ermənistan rəhbərliyi bilməlidir ki, onlar Azərbaycandan bir metr də torpaq qopara bilməyəcəklər".
Səfir Ş.Puare Azərbaycan Prezidenti H.Əliyevin nə etdiyini yaxşı bildiyini vurğulayaraq demişdir ki, Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır və siz yeritdiyiniz siyasətin üstün cəhətlərini beynəlxalq təşkilatların qarşısında qabarıq şəkildə ortaya qoymalısınız.
Onunla razı olduğunu bildirən general-polkovnik S.Əbiyev demişdir: “Beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə ikili yanaşma standartına son qoysalar, bu məsələ öz ədalətli həllini daha tez tapar”.
Sonra general-polkovnik S.Əbiyev səfir Ş.Puarenin suallarına cavab vermiş və Azərbaycan  Respublikası Silahlı Qüvvələri haqqında onu məlumatlandırmışdır.
Tərəflər hərbi əməkdaşlıq barəsində də fikir mübadiləsi etmiş və bu işə Azərbaycan hərbçilərinin fransız dilini öyrənməkdən başlamalarının məqsədə uyğun olduğunu söyləmişlər. Onlar beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylərin artırılmasını dəstəkləmişlər.