Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Yanvar 2002 00:01

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ross Uilsonu və yeni təyin olunmuş hərbi attaşesi mayor Mark Casperi qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra hərbi attaşeni yeni təyinatı münasibətilə təbrik edərək gələcək işlərində ona uğurlar arzulamışdır.
Sonra Müdafiə naziri Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinə toxunaraq ölkəmizin müstəqillik əldə etdiyi müddət ərzində dövlətlərimiz arasında əməkdaşlıq əlaqələrinin yarandığını və bu əlaqələrin inkişaf etdiyini qeyd etmişdir. O, demişdir: “Azərbaycan-ABŞ münasibətlərinə əngəl olan “Azadlığı dəstəkləmə aktı”na 907-ci düzəlişin ləğv olunması ikitərəfli əlaqələrimizin, o cümlədən hərbi əlaqələrin inkişafında yeni mərhələ olacaqdır”.
ABŞ tərəfindən aparılan antiterror əməliyyatlarına toxunan Müdafiə naziri bildirmişdir ki, Azərbaycan Respublikası beynəlxalq terrorizmlə mübarizədə Amerika Birləşmiş Ştatları ilə bir alyansda olduğunu dərhal bəyan etmiş və antiterror əməliyyatlarının həyata  keçirilməsinə əməli yardım göstərmək məqsədilə birləşmiş qüvvələrə hava  dəhlizindən istifadə üçün icazə vermişdir.
General-polkovnik S.Əbiyev qonaqları Ermənistan-Azərbaycan münaqişəsində mövcud olan vəziyyətlə tanış edərək    demişdir: “Azərbaycan xalqının ən böyük problemi işğal olunmuş torpaqlarının azad edilməsidir. Ermənistan işğalçı dövlətdir və o yaxşı başa düşür ki,  işğal etdiyi əraziləri qeyd-şərtsiz boşaltmalıdır.
Bizi narahat edən həm də Ermənistan Respublikasının kütləvi qırğın silahına malik olmasıdır. Ermənistan ərazisində bu kimi silahların olması barədə məlumatlar bizə də bəlli idi. Ancaq bu silahlar təkcə Azərbaycana deyil, həmçinin regionun digər dövlətlərinə də təhlükə yaradır. NATO üzvü olan dövlətin nümayəndələrinin Ermənistan ərazisində kütləvi qırğın silahlarının olması bəyanatı ilə çıxış etməsi buna daha bir sübutdur.
Eyni zamanda, bu da bir danılmaz faktdır ki, bəzi dövlətlər tərəfindən silahlandırılan Ermənistan ordusunun uçotsuz hərbi texnika, silah və sursatı Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilir. Bu da öz növbəsində regionda gərginliyin artmasına səbəb olur”.
Müdafiə naziri ilə tam razı olduğunu bildirən səfir R.Uilson demişdir: “Ümidvaram ki, “Azadlığı dəstəkləmə aktı”na 907-ci düzəlişin ləğvi ikitərəfli hərbi münasibətlərimizin daha da inkişaf etməsinə təkan verəcəkdir. ABŞ hökumətinin məqsədi ilk növbədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təhlükəsizliyi və bölgədə sabitliyin bərpa olunmasıdır”.
Sonra tərəflər Cənubi Qafqaz regionunda mövcud olan ictimai və hərbi-siyasi vəziyyət barəsində geniş fikir mübadiləsi etmişlər.