Aprelin 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının NATO Komitəsinin sədri cənab Brus Ceksonu qəbul etmişdir.
Qonağı salamlayan Müdafiə naziri qeyd etmişdir ki, son zamanlar ABŞ, NATO və Avropa ölkələrinin nümayəndələri ilə tez-tez görüşməyimiz bizi sevindirir. Bu görüşlər bizim aramızda münasibətlər yaradır, baxışlarımızı yaxınlaşdırır və nəhayətdə biz bir-birimizə yaxınlaşırıq.
General-polkovnik S.Əbiyev demişdir: “Müstəqil Azərbaycanın öz inkişaf yolu vardır. Bu yol Avropaya, NATO-ya və Avro-Atlantika tərəfdaşlığının təhlükəsizlik strukturlarına inteqrasiyadan ibarətdir. Bu istiqamətdə bizim bir çox uğurlarımız vardır. Azərbaycanın antiterror koalisiyasına daxil olması, Kosovoda və Əfqanıstanda taqımlarımızın sülhməramlı əməliyyatlarda iştirakı belə uğurlardandır. Biz müharibədən sonrakı İraqın bərpasında iştirak etmək üçün bir bölmələrimizi oraya göndərməyi planlaşdırırıq”.
Cənab B.Cekson səmimi qəbul üçün təşəkkür edərək qeyd etmişdir ki, mən sizinlə bu görüşü yüksək qiymətləndirirəm. Mənə sülhməramlı taburunuzla tanış olmağa şərait yaratdığınıza görə minnətdarlıq edirəm. O, demişdir: “Məni Avro-Atlantika strateji məkanında əməkdaşlıq məsələlərinin həlli maraqlandırır. Sizin regiona, o cümlədən Azərbaycana səfərimin məqsədi buradakı vəziyyəti yaxından öyrənməkdir”.
O, NATO-nun növbəti sammitində Qara dəniz hövzəsi ölkələrinin bu təşkilata qəbulu imkanlarının müzakirə olunacağını vurğulayaraq qeyd etmişdir ki, bu məsələdə ölkələrin Müdafiə nazirliklərinə xüsusi yer ayrılır.
General-polkovnik Səfər Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətlə qonağı tanış edərək söyləmişdir ki, təcavüzkar Ermənistan dövlətinin işğalçılıq siyasəti bölgədə gərginliyin aradan qaldırılmasına və təhlükəsizliyin təminatına imkan vermir. O, Azərbaycan-NATO münasibətlərinə bir da toxunaraq demişdir: “Azərbaycan NATO ilə əməkdaşlığa sistemli və ardıcıl surətdə can atır”.
Görüşdə ABŞ-ın Azərbaycandakı hərbi attaşesi Mark Casper iştirak etmişdir.