Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2003 00:01

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə məruzəçisi cənab Terri Devisi və Siyasi İşlər Komitəsi Katibliyinin əməkdaşı cənab Rudiger Dossovu qəbul etmişdir.
Qonaqları salamlayan Müdafiə naziri demişdir ki, inanırıq ki, Siz Ermənistan-Azərbaycan münaqişəsinə dair mənzərəni təfərrüatı ilə öyrənəcək və bu barədə Avropa Şurasına obyektiv məlumat verəcəksiniz.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Cənubi Qafqazda heç bir zaman erməni dövləti olmamışdır. 1828-ci ildə Rus-İran müharibəsindən sonra çar Rusiyası Azərbaycan torpaqlarında “erməni vilayəti” yaratmışdır. Ermənistan yarandığı zamandan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmiş, Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirmişdir. SSRİ dağıldıqdan sonra isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ilhaq etmək məqsədilə Azərbaycana qarşı elan olunmamış işğalçılıq müharibəsinə başladı. Nəticədə Azərbaycan torpaqlarının 20 faizi işğal edildi, 1 milyondan artıq Azərbaycan vətəndaşı çadırlarda dözülməz şəraitdə yaşayır.
General-polkovnik S.Əbiyev fikrini davam etdirərək demişdir: “Hamıya məlum olmalıdır ki, Azərbaycan öz torpaqlarının bir qarışını da heç kimə verməyəcəkdir. Bu münaqişədə Ermənistanın təcavüzkar dövlət olduğu məlumdur. Onu təcavüzkar elan edib haqqında tədbirlər görmək lazımdır. Belə vəziyyətdə döyüş əməliyyatlarının başlamayacağına heç kim qarantiya verə bilməz. Ermənistan silahlı qüvvələrini təcili surətdə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaq lazımdır. O zaman bu regionda sabitlikdən, əmin-amanlıqdan və təhlükəsizliyin daimi təminatından danışmaq olar”.
Cənab T.Devis qeyd etmişdir ki, Ermənistan tərəfinin atəşkəs rejimini tez-tez pozması nəticəsində hər iki tərəfdən itkilərin olması faktları bizə məlumdur. O, demişdir: “Məlum olduğu kimi Ermənistan və Azərbaycan arasında atəşkəs rejimini pozmamaq haqqında razılıq vardır və hər iki dövlət Avropa Şurasına daxil olarkən bu münaqişənin dinc yolla həll edilməsi barədə vəd vermişlər. Deməliyəm ki, Azərbaycan öz vədinə əməl edir. Ümid edirəm ki, sizin dövlətiniz öz vədinə bundan sonra da əməl edəcəkdir”.  
Görüşün sonunda general-polkovnik S.Əbiyev qeyd etmişdir ki, biz ümid edirik ki, Sizin regiona bu səfəriniz məhsuldar olacaq və Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətlə həll ediləcəkdir.
Görüşdə Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı daimi deputat komissiyasının üzvü cənab Səməd Seyidov iştirak etmişdir.