Aprelin 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev admiral Şahid Navazın rəhbərliyilə Pakistan İslam Respublikası Milli Müdafiə Kollecinin nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamladıqdan sonra qeyd etmişdir ki, Azərbaycan və Pakistan xalqları tarixi dostluq telləri ilə bir-birinə bağlıdır. O, demişdir: “Pakistan İslam Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bunun üçün biz Pakistan dövlətinə və onun xalqına minnətdarıq”.
Sonra general-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinin yaranma səbəbləri və nəticələri, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət haqqında qonaqlara məlumat vermişdir. O, demişdir: “SSRİ dağıldıqdan sonra Ermənistan ilk olaraq Azərbaycana qarşı elan olunmamış müharibəyə başladı, onun Dağlıq Qarabağ bölgəsini və digər torpaqlarını işğal etdi”.
Müdafiə naziri fikrini davam etdirərək söyləmişdir ki, hazırda Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və bir milyondan artıq soydaşımız ağır şəraitdə yaşayır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səyləri və yürütdüyü siyasət nəticəsində 1994-cü ildən Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs rejimi hökm sürür. Biz bu məsələnin dinc yolla həllinin tərəfdarıyıq. Əgər Ermənistan bunu başa düşməsə, biz torpaqlarımızı azad etmək hüququmuzdan istifadə edəcəyik.
Sonra general-polkovnik S.Əbiyev Azərbaycan iqtisadiyyatının sürətlə inkişafı və digər məsələlər barədə qonaqlara məlumat vermişdir.
Admiral Şahid Navaz səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkür etmiş və söyləmişdir ki, biz Pakistanda Azərbaycanın Dağlıq Qarabağ və digər problemləri haqqında yaxşı məlumatlıyıq. Qaçqınlar problemi bizə çox tanışdır. Bizim Prezidentimiz, hökumətimiz və xalqımız torpaqlarınızın erməni işğalçılarından təmizlənməsində sizə hərtəfli kömək göstərəcəkdir. O, demişdir: “Hərbi sahədə Azərbaycan-Pakistan əməkdaşlığı uğurla inkişaf edir. Biz məmnunuq ki, sizin zabitləriniz Pakistanın ali hərbi məktəblərində təhsil alırlar. Sizin Pakistana səfərlərinizi biz yaxşı xatırlayırıq”.
General-polkovnik S.Əbiyev Azərbaycanın haqq işini dastəklədiyinə görə Pakistan xalqına və Prezident Pərviz Müşərrəfə minnətdarlıq etmiş, Azərbaycan-Pakistan hərbi əməkdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir.
Sonra o, qonaqları maraqlandıran suallara ətraflı cavab vermişdir.
Görüşdə Pakistan İslam Respublikasının Azərabaycan Respublikasındakı fövqəladə və səlahiyyəli səfiri cənab Məhəmməd Faiz Xoso iştirak etmişdir.