Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rumıniyanın Müdafiə naziri İon Mirça Paşkunun dəvətilə aprelin 1-dən 4-dək Buxarest şəhərində rəsmi səfərdə olmuşdur.
Aprelin 1-də Rumıniyanın Müdafiə Nazirliyində general-polkovnik Səfər Əbiyevin təntənəli qarşılanma mərasimi keçirilmişdir. Qonağın şərəfinə Rumıniya Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüşdür. Fəxri Qarovulun rəisi Azərbaycan Respublikasının Müdafiə nazirinə raport vermişdir. Azərbaycan Respublikasının və Rumıniyanın dövlət himnləri səslənmişdir.
Sonra Rumıniyanın Müdafiə naziri İ.M.Paşku general-polkovnik S.Əbiyevi qəbul etmişdir. Əvvəlcə Müdafiə nazirləri təkbətək, sonra isə tərəflərin nümayandə heyətləri geniş tərkibdə görüşmüşlər.
Müdafıə naziri İ.M.Paşku general-polkovnik S.Əbiyevi salamlayaraq qeyd etmişdir ki, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti həmişə rumın xalqı üçün arzuolunan qonaqdır.
Səmimi qəbul üçün təşəkkür edən general-polkovnik S.Əbiyev demişdir ki, Azərbaycan-Rumıniya əməkdaşlığı bütün sahələrdə olduğu kimi hərbi sahədə də uğurla genişlənməkdədir. Bu əməkdaşlığın əsasını Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Rumıniyanın Prezidenti İon İliyesku qoymuşlar. Bu gün bu əməkdaşlıq 1999-cu ildə Buxarestdə Azərbaycan-Rumıniya Müdafiə nazirlikləri arasında imzalanmış Saziş əsasında inkişaf etməkdədir.
General-polkovnik S.Əbiyev Müdafiə nazirini Rumıniyanın NATO-ya üzv dəvət olunması münasibətilə təbrik edərək qeyd etmişdir ki, bu təcrübə bizim üçün olduqca maraqlıdır.
Sonra Müdafiə nazirləri hərbi təhsil, hərbi-texniki əməkdaşlıq, ekspertlər səviyyəsində mübadilə, ikitərəfli və NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində hərbi əməkdaşlıq, Balkanlarda və Cənubi Qafqaz regionunda cərəyan edən hərbi-siyasi proseslər, Ermənistan-Azərbaycan münaqişəsi və İraq müharibəsi barəsində geniş fikir mübadiləsi etmişlər.
Həmin gün Rumıniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Mixail Popesku general-polkovnik S.Əbiyevi və nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı iki dövlətin Silahlı Qüvvələrində aparılan islahatlar və onların əməkdaşlığının genişləndirilməsi haqqında danışıqlar aparmışlar.
Aprelin 2-də Rumıniyanın prezidenti cənab İon İliyesku general-polkovnik S.Əbiyevi qəbul etmişdir. Qonağı salamlayan Rumıniya prezidenti qeyd etmişdir ki, o iki dövlətin Müdafiə Nazirlikləri arasında inkişaf edən əməkdaşlığı dəstəkləyir.
General-polkovnik S.Əbiyev qəbul üçün prezident İ.İliyeskuya təşəkkür edərək Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin salamlarını və səmimi arzularını ona çatdırmışdır. Sonra o, keçirdiyi görüşlər və hərbi əməkdaşlığın mühüm istiqamətləri haqqında Rumıniya prezidentinə məlumat vermişdir.
Görüşün sonunda Rumıniya prezidenti İ.İliyesku onun salamlarını və ən xoş arzularını prezident Heydər Əliyevə çatdırmağı general-polkovnik S.Əbiyevdən xahiş etmişdir.
Aprelin 3-də general-polkovnik S.Əbiyev Rumıniya parlamentində Müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın üzvləri ilə görüşmüşdür.
Görüş zamanı iki dövlətin Müdafiə Nazirlikləri və NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində hərbi əməkdaşlıq barəsində geniş fikir mübadiləsi edilmişdir. Azərbaycanın Cənubi Qafqaz regionunda iqtisadi baxımdan geniş perspektivlərə malik dövlət olduğu vurğulanmışdır.
General-polkovnik S.Əbiyev komissiya üzvlərinə Ermənistan-Azərbaycan münaqişəsinin yaranma səbəbləri və nəticələri haqqında geniş məlumat vermiş və onlara bu barədə tarixi materiallar təqdim etmişdir.
Həmin gün Rumıniya Xarici İşlər Nazirliyində general-polkovnik S.Əbiyev və onun rəhbərlik etdiyi nümayəndə heyətinin qəbulu olmuşdur. Nazir müavini Motok Mixnea qonaqları salamlayaraq qeyd etmişdir ki, Rumıniya-Azərbaycan diplomatik münasibətləri uğurla inkişaf edir. Biz Cənubi Qafqaz regionuna böyük əhəmiyyət veririk. Çünki biz vahid geostrateji məkanda yerləşir, Cənubi Qafqaz regionunda və Balkanlarda situasiya oxşardır.
Ermənistan-Azərbaycan münaqişəsində biz Azərbaycanın haqq işin dəstəkləyir və bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini tam dəstəkləyirik.
General-polkovnik S.Əbiyev səmimi sözlərə görə nazir müavininə təşəkkür etmiş və Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın mövqeyini müdafiə etdiyinə görə rumın xalqına və dövlət rəhbərliyinə minnətdarlıq etmişdir.
Səfər zamanı general-polkovnik S.Əbiyev Rumıniya qəhrəmanları abidəsi önünə əklil qoymuş, Rumıniya Silahlı Qüvvələrinin Ali Hərbi akademiyasını, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri Qərargahlarını, Braşov şəhərində yerləşən Hərbi Hava Qüvvələri Akademiyasını və Dağ-atıcı briqadasını ziyarət etmiş, Texniki və texnoloji hərbi araşdırmalar agentliyində olmuş və onun nəzdində açılmış hərbi-texniki sərgiyə baxmışdır.
Nümayəndə heyəti aprelin 4-də Vətənə qayıtmışdır.