Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Noyabr 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Avropa Komandanlığının qərargah rəisinin müavini general Çarlz Uoldun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonağı salamlayan Müdafiə naziri qeyd etmişdir ki, Azərbaycanla ABŞ arasında ildən-ilə genişlənən əməkdaşlıq həm ikitərəfli, həm də "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində hayata keçirilir.
Sonra general-polkovnik Səfər Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətə toxunaraq demişdir: "Hərbi potensialı öz havadarları tərəfindən bu gün də artırılan təcavüzkar Ermənistan dövlətinin işğalçılıq siyasəti bölgədə gərginliyin aradan qaldırılmasına və təhlükəsizliyin təminatına imkan vermir. Nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməyib, müharibənin yenidən başlanması ehtimalı bir o qədər artır.
Azərbaycan öz müstəqilliyini qorumuşdur və bundan sonra da hər vasitə ilə qoruyacaqdır. Bunun üçün biz ABŞ və NATO ilə əməkdaşlığa, Avropa Təhlükəsizlik strukturlarına inteqrasiyaya xüsusi əhəmiyyət veririk.
Bu mənada Xəzərin zəngin enerji ehtiyatlarını Avropaya çıxaracaq Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Ərzurum qaz kəmərləri kimi irimiqyaslı layihələrin həyata keçirilməsi nəinki Azərbaycan Respublikasının müstəqilliyini möhkəmləndirə, eləcə də bütün Cənubi Qafqaz regionunun sabit inkişafına geniş imkanlar aça bilər. Lakin Azərbaycan əraziləri işğal altında qaldıqca və bölgədə ona ayrılan jandarm rolunu oynayan Ermənistan silahlandırılmaqda davam etdikcə bu layihələrin təhlükəsizliyindən və regionda sabitlikdən danışmaq yersizdir. Mən əminəm ki, Azərbaycan öz dostları ilə bu böyük layihələrin reallaşmasına və Cənubi Qafqazın Qərbə inteqrasiyasına qarşı çıxacaq istənilən maneəni dəf edəcəkdir".
General Ç.Uold səmimi qəbul üçün təşəkkür edərək qeyd etmişdir:
"Biz ABŞ üçün strateji əhəmiyyətə malik ölkələr sırasına daxil olan Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət veririk və ölkənizlə hərbi əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Dünyada terrorun və qeyri-ənənəvi hərbi təhlükələrin artdığı bir zamanda dostlarımızın təhlükəsizliyi bizim üçün çox önəmlidir. Bu mənada Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə, eləcə də Balkanlarda, Əfqanıstanda və İraqda aparılan sülhməramlı əməliyyatlarda fəal iştirakını yüksək qiymətləndiririk".
Sonda tərəflər Azərbaycan-ABŞ hərbi  perspektivləri, regional təhlükəsizlik, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, neft-qaz kəmərlərinin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
Görüşdə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harniş iştirak etmişdir.