Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Noyabr 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Zurab Qumberidzeni və Gürcüstan Silahlı Qüvvələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi polkovnik Vaxtanq Çanadirini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq Gürcüstanın Azərbaycanda akkerditə olunmuş yeni hərbi attaşesini vəzifəsinin icrasına başlaması münasibətilə təbrik etmiş və ona uğurlar arzulamışdır.
Səmimi qəbul üçün təşəkkürünü bildirən səfir Z.Qumberidze oktyabrın 15-də Azərbaycan xalqının cənab İlham Əliyevə böyük etimad göstərməklə uğurlu seçim etməsi münasibətilə Müdafiə nazirini təbrik etmişdir.
General-polkovnik S.Əbiyev seçkilərdə xalqın onu gələcəyə aparacaq liderə səs verdiyini vurğuladı və gürcü xalqının da bu sınaqdan uğurla çıxacağına ümidvar olduğunu bildirdi. Möhkəm təməli prezidentlər Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulmuş Azərbaycan-Gürcüstan əlaqələrinin strateji tərəfdaşlıqdan daha yüksəkdə durduğunu qeyd edən müdafiə naziri, ənənənin davam etdiriləcəyini, münasibətlərimizin bundan sonra daha da genişləndiriləcəyini və ölkələrimizin sabit inkişafına qarşı çıxa biləcək maneələrin qətiyyətlə aradan qaldırılacağına əmin olduğunu ifadə etdi.  
Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığına toxunan Müdafiə naziri demişdir ki, biz bu məsələyə böyük əhəmiyyət veririk və hərbi attaşe V.Çanadirinin təyinatı Gürcüstan tərəfinin də məsələyə xüsusi əhəmiyyət verdiyini bir daha təsdiq edir.
Sonra regionda mövcud olan hərbi-siyasi vəziyyət, dünyada cərəyan edən hadisələr və ölkələrimiz arasında münasibətlərin, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir.