Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Noyabr 2003 00:01

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri, məşhur politoloq Zbiqnev Bjezinskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra cənab Z.Bjezinski səmimi qəbul üçün təşəkkür edərək demişdir: "Müstəqilliyini yüksək qiymətləndirdiyimiz Azərbaycana gəlişimizə məmnunuq. Səfərimizin məqsədi ABŞ-Azərbaycan əlaqələrinin gələcək perspektivlərini müzakirə etmək və regionda gedən proseslərlə yaxından tanış olmaqdır. ABŞ-Azərbaycan münasibətlərini faktiki olaraq alyans kimi xarakterizə etmək olar".
General-polkovnik S.Əbiyev cavab olaraq "Biz ABŞ-ı strateji tərəfdaş hesab edir və onunla əməkdaşlığa xüsusi önəm veririk. Biz istərdik ki, hərbi əməkdaşlığımız daha geniş sahələri əhatə etsin və Azərbaycan bu əməkdaşlığın real bəhrəsini görsün. Bu gün regionda elə vəziyyət yaranıb ki, hadisələrin bu cür davam etməsi təkcə Azərbaycana deyil, eləcə də dünya birliyinə təhlükədir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropanın və dünyanın təhlükəsizlik strukturlarına inteqrasiyaya, NATO-ya maksimum yaxınlaşmağa və Amerika Ştatları ilə strateji əməkdaşlığı həyata keçirməyə can atmış və buna nail olmuşdur. Oktyabrın 15-də xalqımızın demokratik şəkildə öz iradəsini ifadə edərək İlham Əliyevə böyük etimad göstərməsi son illər aparılan siyasətin bundan sonra da davam etməsinə olan dəstəyin ifadəsidir. Xalqın bu qərarı ölkəmizin regionda sülhün və sabitliyin bərqərar olunmasında aparıcı rol oynaması üçün geniş imkanlar açır. Lakin öz havadarları tərəfindən durmadan silahlandırılan və dəstəklənən təcavüzkar Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladıqca Cənubi Qafqazda sülh və sabitlikdən danışmaq yersizdir. Təəccüblüsü odur ki, beynəlxalq birlik təcavüzkarı öz adı ilə çağırmaq və aqressiv separatizmin qarşısını almaq əvəzinə ikili standartlar siyasəti yürüdür, işğalçı ilə işğala və terrora məruz qalanı eyniləşdirir. Bu, münaqişənin sülh yolu ilə həllinə inamsızlıq yaradır və Azərbaycanı müharibəyə sövq edir. Bölgədə uzunmüddətli sülh və sabitlik yalnız Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan və qaçqınların öz doğma yurdlarına qayıtmasından sonra təmin oluna bilər. Azərbaycan ərazisinin bir qarışını belə heç kəsə güzəştə getməyəcəkdir".
Sonra general-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, ölkəmizin qonşularla münasibətləri, Azərbaycan-ABŞ, Azərbaycan-NATO əlaqələri və digər məsələlər barəsində qonaqlarla geniş fikir mübadiləsi aparmış, onları maraqlandıran sualları cavablandırmışdır.
Görüşdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri cənab Hafiz Paşayev iştirak etmişdir.