Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Noyabr 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

Bolqarıstan Respublikasının Müdafiə naziri Nikolay Svinarov noyabrın 4-də Bakıya rəsmi səfərə gəlmişdir.
Bolqarıstan Respublikasının Müdafiə naziri Nikolay Svinarovun rəhbərlik etdiyi nümayəndə heyəti rəsmi səfərinə noyabrın 4-də Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının müstəqilliyi uğrunda həlak olanların xatirə abidəsi önünə əklil qoymaqla başlamışdır.
Həmin gün Azərbaycan Respublikası Müdafiə Nazirliyində Bolqarıstan Respublikasının Müdafiə nazirinin təntənəli qarşılanma mərasimi olmuşdur. Qonağın şərəfinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüşdür. Fəxri Qarovulun rəisi Bolqarıstan Respublikasının Müdafiə nazirinə raport vermişdir. Azərbaycan Respublikasının və Bolqarıstan Respublikasının dövlət himnləri səslənmişdir.
Sonra Müdafiə naziri general-polkovnik S.Əbiyev Bolqarıstan Respublikasının Müdafiə nazirini qəbul etmişdir. Əvvəlcə Müdafiə nazirləri təkbətək, sonra isə tərəflərin nümayəndə heyətləri geniş tərkibdə görüşmüşlər.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan və Bolqarıstan arasında hərbi əməkdaşlığın əsası 2002-ci ilin sentyabrında Sofiya şəhərində iki dövlətin Müdafiə Nazirlikləri arasında imzalanmış Müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişlə qoyulmuşdur.
O, demişdir: "Azərbaycan müstəqilliyini əldə etdikdən sonra surətlə Avropa Təhlükəsizlik strukturlarına inteqrasiya etməyə, müstəqilliyini möhkəmləndirməyə və bütün dünya dövlətləri ilə əməkdaşlıq etməyə başlamışdır. Azərbaycan bütün qonşuları ilə sülh, mehriban qonşuluq şəraitində yaşamağa can atır, lakin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Cənubi Qafqaz regionunda vəziyyət gərgin olaraq qalmaqdadır. Ermənistan Silahlı Qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdir. Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkün ağır şəraitdə yaşayır. Sözsüz ki, bu, Cənubi Qafqazdakı vəziyyətə öz mənfi təsirini göstərir. Azərbaycan Ermənistanla münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Lakin istənilən dövlətin ərazi bütövlüyünün təmin olunmasını əks etdirən beynəlxalq prinsiplər də mövcuddur. Azərbaycan Ermənistanla əlaqələrini bu prinsiplər əsasında, işğal olunmuş ərazilərin azad olunması və qaçqınların oraya geri qaytarılması şərtilə tənzimləyə bilər".
Sonra general-polkovnik S.Əbiyev Azərbaycanın beynəlxalq əlaqələri, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində fəaliyyəti haqqında nümayəndə heyətinə ətraflı məlumat vermişdir. O, əmin olduğunu bildirmişdir ki, Bolqarıstan NATO-nun 2004-cü ildə İstanbulda keçiriləcək Sammitində bu quruma tam hüquqlu üzv olacaqdır və Azərbaycan da Bolqarıstanın təcrübəsindən istifadə edərək bu yolda irəliləyəcəkdir. Çünki növbə Cənubi Qafqazındır.
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən Bolqarıstanın Müdafiə naziri N.Svinarov bildirmişdir ki, bu səfər iki dövlət arasında əməkdaşlığın daha dərinləşməsinə xidmət edəcəkdir.
O, demişdir: "NATO-ya üzvlük bizim üçün milli prioritetdir. Biz sizi əmin etmək istəyirik ki, İstanbul Sammitindən sonra Bolqarıstanın timsalında NATO-da Azərbaycanın daha bir dostu olacaqdır. Ümid edirəm ki, 2004-cü ildə ATƏT-ə sədrlik edəcək Bolqarıstan Dağlıq Qarabağ münaqişəsinin həllinə öz təsirini göstərəcəkdir".
Sonra o, Azərbaycanda prezident seçkilərinin uğurla həyata keçirilməsi və İlham Əliyevin xalqın böyük dəstəyini alaraq prezident seçilməsi münasibətilə general-polkovnik S.Əbiyevi təbrik etmişdir.
Səmimi təbriklərə görə Bolqarıstanın Müdafiə nazirinə təşəkkür edən general-polkovnik S.Əbiyev Cənubi Qafqazdakı hərbi-siyasi simasiyaya toxunaraq burada vəziyyətin çox gərgin olduğunu bildirmişdir. O, demişdir: "Rusiya Federasiyasından Ermənistana verilmiş 1 milyard dollarlıq silah va sursat bütünlüklə Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilmişdir. Dağlıq Qarabağda yerləşdirilmiş silah va sursat birlikdə üç Qafqaz dövlətində olandan çoxdur. Bu prosesin davam etməsi regionu daim gərginlik altında saxlayır və bu, döyüş əməliyyatlarının yenidən başlanmasına və Cənubi Qafqazda vəziyyətin idarə olunmaz hala gəlməsinə gətirib çıxara bilər".
Müdafiə naziri onu da qeyd etmişdir ki, keçmiş SSRİ məkanında separatizm hərakatı məhz Dağlıq Qarabağdan başlamışdır. O, demişdir: "Mən ümid edirəm ki, Bolqarıstan 2004-cü ildə ATƏT-ə sədrlik edərkən bizim problemlərə obyektiv yanaşacaq və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllini tələb edəcəkdir".
Sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Bolqarıstan Respublikası Müdafiə Nazirliyi arasında 2004-cü il üçün əməkdaşlıq planı imzalanmışdır. Sənədi Azərbaycan Respublikası tərəfindən general-polkovnik S.Əbiyev, Bolqarıstan Respublikası tərəfindən isə cənab N.Svinarov imzalamışlar.
Görüşün sonunda kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir. Nazirlər jurnalistləri maraqlandıran suallara cavab vermişlər.