Sentyabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Merkurios Karafotiası və hərbi attaşesi polkovnik İoannis Soliası qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq söyləmişdir ki, biz çalışırıq Yunanıstanla əməkdaşlığımız hər sahədə genişlənsin.
Səmimi qəbul üçün general-polkovnik Səfər Əbiyevə təşəkkür edən qonaq qeyd etmişdir ki, mən bu görüşdən xüsusilə şadam, ona görə ki, Yunanıstan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasında yeni təyin olunmuş hərbi attaşesi polkovnik İoannis Soliası Sizə təqdim etməyə gəlmişəm.
Sonra səfir Yunanıstan Respublikası hökuməti rəhbərliyinin və Müdafiə nazirinin səmimi salamlarını general-polkovnik Səfər Əbiyevə çatdıraraq, Yunanıstan-Azərbaycan hərbi əməkdaşlığının gələcək perspektivlərindən söhbət açmışdır.
General-polkovnik Səfər Əbiyev qeyd etmişdir ki, biz inanırıq ki, bu əməkdaşlıq yaxın zamanlarda fəallaşacaqdır. O demişdir: “Bu gün Azərbaycanın həll olunmamış ən böyük problemi Ermənistan tərəfindən işğal olunmuş torpaqların azad edilməməsidir. Ermənistan öz işğalçılıq iddialarından əl çəkmir. Qətiyyətlə bəyan edirəm ki, Azərbaycan bu vəziyyətlə heç zaman razılaşmayacaqdır. Azərbaycan xalqının və dövlətinin bütün səyləri işğal olunmuş torpaqlarımızın azad edilməsinə yönəlmişdir”.
Səfir Merkurios Karafotias demişdir: “Bizim Ermənistanla yaxşı münasibətlərimizin olmasına baxmayaraq, bu məsələdə Yunanıstanın spesifik mövqeyi vardır. Ermənistan-Azərbaycan münaqişəsi tezliklə dinc yolla, iki dövlətin prezidentlərinin danışıqları əsasında, ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə, Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində, qaçqınların öz yurdlarına qayıtması şərtilə və beynəlxalq hüquq normaları əsasında həll edilməlidir. Azərbaycanın gələcək perspektivləri böyükdür. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Cənubi Qafqazda gedən proseslərdən kənarda qalmaq yaxşı nəticəyə gətirib çıxarmayacaqdır.
Gələcək Azərbaycanın tərəfindədir...”
General-polkovnik Səfər Əbiyev xoş sözlərə görə səfirə təşəkkür edərək, hərbi attaşe İ.Soliası yeni təyinatı münasibətilə bir də təbrik etmiş və ona fəaliyyətində uğurlar arzulamışdır.
Hərbi attaşe polkovnik İ.Solias general-polkovnik Səfər Əbiyevə təşəkkür etmişdir.