Sentyabrın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Avropa Komandanlığı Qərargahının Arxa Cəbhə və təhlükəsizlik üzrə yardım proqramının rəisi general-mayor Edvard Lafonteni və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq söyləmişdir ki, bu gün dünyada mövcud olan situasiya Amerika Birləşmiş Ştatları və Azərbaycandan bir yerdə olmağı tələb edir. 11 sentyabr hadisələrindən dərhal sonra Azərbaycan antiterrorizm koalisiyasında öz yerini müyyən etmişdir.
O, demişdir: “Bu gün Azərbaycan Respublikası ABŞ və NATO ilə əməkdaşlığa, Avropanın Təhlükəsizlik strukturlarına inteqrasiyaya xüsusi əhəmiyyət verir”.
General-mayor E.Lafonten səmimi qəbul üçün general-polkovnik Səfər Əbiyevə təşəkkür edərək demişdir ki, Amerika və Azərbaycan dövlətləri beynəlxalq terrorizmlə mübarizəni əsas vəzifə kimi qəbul etmişlər. ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının nümayəndəsi kimi bu və digər sahələrdə Azərbaycana yardım etməkdən məmnunluq duyuram.
General-polkovnik Səfər Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi siyasi vəziyyətlə qonağı tanış edərək söyləmişdir ki, Azərbaycan dövlətinin beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirakı bəzi qonşu dövlətləri narahat edir. Lakin Azərbaycan yolundan dönməyəcək və öz azadlığını heç nəyə dəyişməyəcəkdir. O, demişdir: “ABŞ bizim strateji müttəfiqlik etdiyimiz dövlətdir. Bunu Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev vaxtilə bəyan etmişdir. Biz bu əlaqələri həmişə davam etdirəcəyik.
Məlumdur ki, bu gün Azərbaycan NATO ilə SNT proqramı çərçivəsində əməkdaşlıq edir. Lakin bu ilin sonunadək NATO ilə Azərbaycan arasında fərdi əməkdaşlıq planı işlənib hazırlanacaqdır”.
General-polkovnik Səfər Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarına toxunaraq qeyd etmişdir ki, əgər dünya ictimaiyyəti bu məsələnin həllində Ermənistana təsir edə bilməsə, onda Azərbaycan xalqı öz torpaqlarını istədiyi yolla azad edəcəkdir.
General-mayor E.Lafonten qeyd etmişdir ki, hər sahədə inkişaf edən Azərbaycan Respublikası ordu quruculuğu sahəsində də gördüyü işləri davam etdirmişdir. O demişdir: “Bu sizin Prezidentiniz cənab Heydər Əliyevin şəxsində mümkün olmuşdur. İnanıram ki, Prezident Heydər Əliyev tezliklə sağalıb Azərbaycana qayıdacaqdır. Sizin Silahlı Qüvvələrinizdəki inkişaf sözün yaxşı mənasında məni mütəəssir etmişdir”.
General-mayor E.Lafonten Ermənistan-Azərbaycan münaqişəsilə bağlı qeyd etmişdir ki, bir hərbçi olaraq biz yaxşı bilirik ki, bu problemin hərbi yolla həlli sonuncu vasitədir. Əsasən siyasətçilər işləməlidirlər.
Sonra tərəflər Azərbaycan-NATO və ABŞ-Azərbaycan hərbi əməkdaşlığı istiqamətində geniş fikir mübadiləsi etmişlər. General-polkovnik Səfər Əbiyev demişdir: “ABŞ və NATO Azərbaycanla hərbi əməkdaşlıq məsələsində heç bir tərəddüdə yol verməməli, cəsarətlə Azərbaycana doğru addımlamalıdırlar. Əməkdaşlığımız günü-gündən genişlənməlidir. Bu, ABŞ-nın və Azərbaycanın xeyrinə olacaqdır”.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili xanım Nensi Makkeldoni iştirak etmişdir.