Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2003 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyulun 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Şantal Puareni və hərbi attaşesi polkovnik Fransis Monkobeqi qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq bildirmişdir ki, Azərbaycan və Fransa arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də münasibətlərin yaradılması təqdirəlayiq haldır.
Xanım Ş.Puare qəbul üçün təşəkkür edərək son günlərdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəzıyyətin gərginləşməsinin səbəbləri, Azərbaycan və Ermənistan Müdafiə nazirlərinin görüşündə hansı məsələlərin müzakirə edilməsi ilə maraqlanmışdır.
General-polkovnik S.Əbiyev demişdir ki, Ermənistan-Azərbaycan cəbhəsində vəziyyətin gərginləşməsinin əsas səbəbi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir. İkinci səbəb beynəlxalq ictimaiyyətin işğalçı Ermənistana qarşı heç bir tədbir görməməsidir. Üçüncü səbəb isə işğalçı Ermənistanın özünü cəzasız hiss etməsidir.
General-polkovnik S.Əbiyev Ermənistanın Müdafiə naziri Serj Sarkisyanla görüşündə atəşkəs rejiminin pozulması barəsində hər iki tərəfin qəti tədbirlər görəcəyi barədə razılığ əldə edildiyini söyləmişdir. O, təəssüflə demişdir: "Lakin danışıqlardan dərhal sonra, həmin günün axşamı Ermənistan tərəfi Azərbaycanın Tovuz və Qazax rayonları istiqamətində atəşkəsi yenidən pozmuşdur".
Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələlərinə toxunmuşlar. Bu məsələyə münasibət bildirən general-polkovnik S.Əbiyev bildirmişdir ki, bu problem beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Ermənistana isə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu elə tərzdə demək lazımdır ki, onda bu məsələ ilə əlaqədar heç bir illüziya qalmasın.
Sonra general-polovnik S.Əbiyev Azərbaycan Respublikasında öz missiyasını başa vuran hərbi attaşe polkovnik Fransis Monkobeqə Azərbaycan-Fransa hərbi münasibətlərinin dərinləşməsində gördüyü işlərə görə təşəkkür etmiş, ona uğurlar arzulamışdır.
Polkovnik F.Monkobeq öz növbəsində Azərbaycanda hərbi attaşeliyi dövründə gördüyü işlər barəsində Müdafiə nazirinə ətraflı məlumat vermiş və Azərbaycandakı missiyasının başa çatması ilə əlaqədar təəssüfləndiyini bildirmişdir.
Sonda general-polkovnik S.Əbiyev qonaqları marağlandıran suallara cavab vermişdir.