Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyul 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyulun 17-də saat 23:25-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Vayk rayonunun Barsruni yaşayış məntəqəsinin 2 km. cənub-qərbindəki yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Gərməçataq kəndi istiqamətindəki postlarını ələ keçirmək məqsədilə qəflətən atəş açaraq hücuma keçmişlər.
Bir saat qədər davam edən döyüş zamanı Azərbaycan Silahlı Qüvvələri bölmələrinin güclü müqaviməti ilə rastlaşan Ermənistan Silahlı Qüvvələri ağır itkiyə məruz qalaraq geri çəkilmişlər.
Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Babayev Cəfər Adil oğlu (1 yanvar 1978-ci il təvəllüdlü, 2003-cü ilin aprelində Şərur Rayon Hərbi Komissarlığından çağrılıb) həlak olmuş, əsgər Nağıyev Elçin Yasin oğlu (30 aprel 1984-cü il təvəllüdlü, 18 iyul 2002-ci ildə Babək Rayon Hərbi Komissarlığından çağrılıb) yaralanmışdır.
Hazırda yaralı əsgər hospitaldadır.
Müdafiə Nazirliyinin rəhbərliyi Vətən qarşısında xidməti vəzifəsini şərəflə yerinə yetirərkən həlak olmuş döyüşçü Cəfər Babayevin ailəsinə dərin hüznlə başsağlığı verir və ona Allahdan rəhmət diləyir.
İyulun 18-də saat 00:30-dan 01:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Füzuli rayonunun Qaraxanbəyli kəndinin işğal olunmuş 2,5 km şimalındakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin ərazisində yerləşən üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.
Son günlərdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən atəşkəsin pozulması və gərginliyin saxlanılması Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsini bir daha sübüt edir.
Ermənistan Respublikasında mövcud olan müəyyən qüvvələr dönə-dönə bildirmişlər ki, Azərbaycanın tərkib hissəsi olan Naxçıvan onun ərazisidir və nəyin bahasına olursa-olsun, onu zorla Ermənistana birləşdirəcəklər.
Ermənistan Silahlı Qüvvələri bölmələrinin iyulun 17-dən 18-nə keçən gecə Barsruni-Gərməçataq istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin postlarını ələ keçirməyə cəhd göstərməsi, bu iddianın təzahürü kimi qiymətləndirilməlidir..
Son bir ay ərzində Ermənistan tərəfindən çoxlu insan təlafatı ilə nəticələnən atəşkəsin ardıcıl pozulmasının və onun nəticələrinin məsuliyyəti, atəşkəs rejiminin qorunub saxlanılması barədə ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qarşısında öhdəlik götürmüş Ermənistan Respublikası rəhbərliyinin üzərinə düşür.
Atəşkəs rejiminin davamlı şəkildə pozulması döyüş əməliyyatlarının bərpası ilə nəticələnərsə, bu, işğalçı Ermənistan Silahlı Qüvvələrinin məğlubiyyəti ilə başa çatacaqdır.