İyulun 1-də saat 01:30-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Füzuli rayonunun Qaraxanbəyli kəndinin işğal olunmuş şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin ərazisində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Atışma nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti leytenant Həbibov Zaur Ələddin oğlu (20 fevral 1978-ci ildə anadan olub, 1999-cu ildə Bakı Dövlət Universitetini bitirib, 19 fevral 2002-ci ildə Xətai rayon Hərbi Komissarlığından çağrılıb) baş nahiyyəsindən aldığı güllə yarasından həlak olmuşdur.
Müdafiə Nazirliyinin rəhbərliyi Vətən qarşısında xidməti vəzifəsini şərəflə yerinə yetirərkən həlak olmuş leytenant Zaur Həbibovun ailəsinə dərin hüznlə baş sağlığı verir və ona Allahdan rəhmət diləyir.