Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 May 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

Mayın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev NATO-nun Cənub-Şərqi Avropadakı Birləşmiş Qüvvələrinin komandanı ordu generalı Oktar Atamanı, komandanlığın Plan-Əməliyyat İdarəsinin rəisi briqada generalı Alan Didi və nümayandə heyətini qəbul etmişdir.
Qonaqları salamlayan Müdafiə naziri qeyd etmişdir ki, hazırda NATO-Azərbaycan əlaqələri sıxdır, lakin biz bu əlaqələri daha da sıx görmək istəyirik.
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən ordu generalı O.Ataman demişdir ki, NATO-Azərbaycan əlaqələrinin yaxşı vəziyyətdə olması bizi sevindirir, lakin bu əlaqələri genişləndirmək daha da zəruridir.
General-polkovnik S.Əbiyev demişdir ki, 2001-ci ildə Bakıda Sizin rəhbərliyiniz altında keçirilən “Kooperativ Determineyşn-01” təlimi yaxşı əks-səda vermiş və biz 2004-cü ildə Bakıda NATO-nun yeni təlimini keçirməyə hazırlaşırıq.
Ordu generalı O.Ataman bildirmişdir ki, səfərin məqsədi plan üzrə Azərbaycanla əməkdaşlıq, regionda sabitliyi möhkəmləndirmək, təhlükəsizlik və əsasən Azərbaycanla “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etməkdir. O demişdir: “Ötən il NATO-nun Praqada keçirilən sammitində qərara alınmışdır ki, “Sülh Naminə Tərəfdaşlıq” proqramı üzrə əməkdaşlıq edən ölkələr terrorizmlə mübarizədə daha da sıx əməkdaşlıq etsinlər”.
Beynəlxalq terrorizmlə mübarizə məsələsinə toxunan general-polkovnik S.Əbiyev demişdir: “Azərbaycan elə ilk günlərdən bu koalisiyaya qoşulmuşdur. NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən bütün tədbirlərdə iştirak edir, məqsədimiz NATO ilə ən yüksək səviyyədə əməkdaşlıq etməkdir və bu məsələdə qardaş Türkiyə Respublikası bizə əlindən gələn köməyi əsirgəmir”.
Sonra general-polkovnik S.Əbiyev Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyət və işğalçı Ermənistanın burada yeritdiyi destruktiv siyasət barədə qonaqlara məlumat vermişdir.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Ümit Kalender iştirak etmişdir.
Həmin gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev NATO Baş Katibi müavininin köməkçisi, Siyasi Məsələlər İdarəsinin direktoru səfir Daniel Spekhardı qəbul etmişdir.
Qonağı salamlayan general-polkovnik S.Əbiyev qeyd etmişdir ki, bizim NATO nümayəndələri ilə hər bir görüşümüz əlaqələrimizi genişləndirir. Sonra o, qonağa Azərbaycan-NATO əlaqələri barədə məlumat verərək demişdir: “Beynəlxalq terrorizmlə mübarizədə iştirakımızın nümunəsi kimi göstərə bilərəm ki, Azərbaycan Silahlı Qüvvələrinin bir taqımı Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edir. Bir bölüyümüzü isə yaxın günlərdə İraqa göndərmək üçün hazırlayırıq”.
Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyətin mürəkkəb olduğunu söyləyən Müdafiə naziri qeyd etmişdir ki, regionda terroru və separatçılığı dəstəkləyən Ermənistan dövləti işğalçılıq iddialarından əl çəkmir və bu da bölgədə döyüş əməliyyatlarının yenidən başlanmasına səbəb ola bilər.
Qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən səfir D.Spekhard qeyd etmişdir ki, Praqa sammitindən sonra NATO Qafqazda fəaliyyətini gücləndirib və buradan münaqişələri dinc yolla həll etmək əzmindədir. O demişdir: “Avro-Atlantika məkanında terrorizmlə mübarizədə Azərbaycanın rolu böyükdür”.
Səfir D.Spekhard regionda təhlükəsizlik məsələlərinə toxunarkən buna münasibət bildirən general-polkovnik S.Əbiyev demişdir: “Azərbaycanın dövlət sərhədləri Ermənistanın işğalı altındadır. İşğalçı Ermənistana isə sivil, normal dövlətə olan münasibət bəslənir. Bu məsələyə yanaşma və ikili standart bizi narahat edir”.
Səfir D.Spekhard “NATO dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dastəkləyir” fikrini bildirdikdən sonra “Ermənistan və Azərbaycan arasındakı etimad məsələsinə münasibətiniz necədir?”, - deyə Müdafiə nazirinə müraciət etmişdir.
General-polkovnik S.Əbiyev demişdir: “İşğalçı dövlətə necə etimad göstərmək olar? Buna ancaq işğalla barışan dövlət razı ola bilər. Azərbaycan xalqı heç zaman ərazilərinin işğalı ilə barışmayacaqdır. Biz hərbi cinayətkarlara, terroru və separatçılığı dəstəkləyən Ermənistan rəhbərliyinə heç bir etimad göstərə bilmərik”.
Səfir D.Spekhard qeyd etmişdir ki, NATO Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həlli istiqamətində əlindən gələn köməyi əsirgəməyəcəkdir.
 Sonra general-polkovnik S.Əbiyev Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar və NATO ilə əməkdaşlığın digər tərəfləri barədə qonaqla fikir mübadiləsi etmişdir.