Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Yanvar 2003 00:01

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Endrü Takeri, Azərbaycanda akkreditə olunmuş keçmiş hərbi attaşesi polkovnik-leytenant Andryu Kerri və yeni hərbi attaşe polkovnik-leytenant Kristofer Con Nannı qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamladıqdan sonra səfir E.Taker qəbul üçün ona təşəkkür etmiş və bildirmişdir ki, hərbi attaşeləri təqdim etmək üçün görüşə gəlmişlər.
Polkovnik-leytenant A.Kerr qeyd etmişdir ki, hərbi attaşe missiyasını yerinə yetirərkən Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar nəticəsində onun necə inkişaf etdiyinin şahidi olmuşdur.
Polkovnik-lenenant K.C.Nann Azərbaycanla Böyük Britaniya arasında hərbi əlaqələrin genişlənməsi üçün əlindən gələni edəcəyini bildimişdir.
General-polkovnik S.Əbiyev hər iki hərbi attaşeyə öz gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. O, demişdir: “Azərbaycan-Böyük Britaniya əlaqələrinin tarixi dərindir. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə bu münasibətlər daha da dərinləşmişdir. Arzu edirəm ki, hərbi əlaqələrimiz daha sıx olsun”.
Sonra Müdafiə naziri Ermənistan-Azərbaycan müharibəsinə toxunaraq qeyd etmişdir ki, bu məsələyə münasibətdə dünyada ikili standartların mövcud olması bizi narahat edir. O, demişdir: “Artıq Ermənistanı işğalçı dövlət elan etməyin və onun haqqında ölçü götürməyin vaxtı çatmışdır. Bunun üçün beynəlxalq hüquq normaları mövcuddur. Ermənistan cəzalandırılsa, bu terroru və separatizmi dəstəkləyən dövlətlərə də ibrət dərsi olardı”.
General-polkovnik S.Əbiyev Bakı-Tbilisi-Ceyhan neft kəməri inşasının təməlinin qoyulmasına münasibət bildirərək vurğulamışdır ki, Ermənistanda toplanan hərbi texnikanın, silah və sursatın həddindan artıq çox olması bu layihənin həyata keçirilməsinə təhlükədir. Bunun qarşısı tezliklə alınmalıdır.
Sonra o, Azərbaycan-NATO əlaqələrinin genişlənməsinə toxunaraq qeyd etmişdir ki, bu istiqamətdə əməkdaşlığımız günü-gündən güclənir.
Səfir E.Taker Ermənistan-Azərbaycan münaqişəsinin həllinə münasibət bildirərək, Prezident Heydər Əliyevin bu münaqişənin dinc yolla həllinə çalışdığını  alqışlamış və bu siyasətin qərb dövlətləri tərəfindən rəğbətlə qarşılandığını vurğulamışdır.
Görüşün sonunda general-polkovnik S.Əbiyev hər iki hərbi attaşeyə öz gələcək fəaliyyətlərində bir daha uğurlar arzulamışdır.