Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Yanvar 2003 00:02

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Hüseyn Gökşunu qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonağı səmimi salamlayaraq bildirmişdir ki, Azərbaycan-Türkiyə əlaqələrinin hərtərəfli inkişafı iki qardaş xalqın Silahlı Qüvvələri arasında əməkdaşlığın da güclənməsinə müsbət təsir göstərir.
Sonra Müdafiə naziri Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində qonaqla ətraflı fikir mübadiləsi etmişdir. O, demişdir: “Türkiyə ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycana ordu quruculuğunda yaxından kömək etmişdir və bu gün də bu əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsində davam etdirilməkdədir”.
Korpus generalı H.Gökşu səmimi qəbul üçün müdafiə nazirinə təşəkkür edərək demişdir ki, Azərbaycan haqqında çox eşitmişdim, oxumuşdum, bu gün isə gəlib gördüm və heyran oldum. O, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün Azərbaycanın güclü orduya malik olması zərurətini vurğulayaraq demişdir: “Türkiyə bu məsələdə həmişə Azərbaycana yardım edəcəkdir”.  
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Rusiya Federasiyasının Gürcüstandan çıxardığı hərbi texnika, silah və sursatı Ermənistan ərazisində yerləşdirməsi, münaqişənin həllində Ermənistanın destruktiv mövqeyini gücləndirir və bu addım ATƏT-in İstanbul sammitinin tələblərinə ziddir. O, demişdir: “Ermənistana bu istiqamətdə yardım göstərənlər bilməlidirlər ki, onların bu yardımı mütləq orada batacaqdır. Çünki Ermənistan perspektivsiz ölkədir və terrorçu dövlətdir”.
Korpus generalı H.Gökşu Azərbaycanın Müdafiə naziri ilə razılaşaraq, Azərbaycan Silahlı Qüvvələrinin möhkəmlənməsi istiqamətində Azərbaycan-Türkiyə hərbi əmkdaşlığının durmadan güclənməsinə tərəfdar olduğunu vurğulamışdır.
Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Ümid Kalender iştirak etmişdir.