Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Noyabr 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 21-də Belçika Krallığı Silahlı Qüvvələrinin Komandanı general Ogüst Vandel Azərbaycana rəsmi səfərə gəlmişdir.
Noyabrın 22-də Azərbaycan Respublikası Müdafiə Nazirliyində onun təntənəli qarşılanma mərasimi olmuşdur.
General O.Vandelin şərəfinə Azərbaycan Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüşdür. Fəxri Qarovulun rəisi ona raport verdikdən sonra Belçika Krallığı və Azərbaycan Respublikası dövlətlərinin himni səslənmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev general O.Vandeli və nümayəndə heyətini qəbul etmişdir.
O, qonaqları salamladıqdan sonra qeyd etmişdir ki, sizin səfərinizlə faktiki olaraq Azərbaycan Respublikası və Belçika Krallığı Müdafiə Nazirliklərinin münasibətləri başlayır. Bu bizim ilk təmasımızdır.
General-polkovnik S.Əbiyev müstəqillik qazandıqdan sonra Azərbaycanın Avropanın təhlükəsizlik strukturlarına uğurlu inteqrasiyası, Avropa Şurasına üzv olması, Avropa İttifaqı və NATO ilə əməkdaşlığı haqqında qonağa ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, Azərbaycan dövləti NATO ilə 1994-cü ildə əməkdaşlıq münasibətləri yaratmış və bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Hərbi Əməkdaşlığın Fəaliyyət Planını NATO-nun Baş Katibinə təqdim etmişdir. O, demişdir: “Azərbaycan Silahlı Qüvvələri NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində keçirdiyi təlimlərin ən fəal iştirakçılarından biridir. Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təlim və tədrisi bir çox sahələrdə NATO standartlarına uyğunlaşdırılımışdır. Məqsədimiz NATO standartlarına maksimum yaxınlaşmaqdır”.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistanın destruktiv siyasəti, Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun passivliyi və digər məsələlər barəsində qonaqla geniş fikir mübadiləsi etmişdir. O, demişdir: “Ermənistan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına daxil olarkən qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürməyəcəyi barəsində öz üzərinə öhdəlik götürmüşdür. Hesab edirəm ki, artıq NATO-da bu məsələni müzakirə etməyin vaxtı çatmışdır”.
O, Azərbaycanın dünyanın bir çox dövlətləri ile uğurla əməkdaşlıq etdiyini vurğulayaraq söyləmişdir ki, inanıram ki, sizin səfərinizdən sonra Azərbaycan-Belçika münasibətləri də inkişaf edəcək və biz müdafiə sahəsində əməkdaşlığa başlayacağıq.
General O.Vandel Azərbaycana rəsmi səfərə şərait yaratdığına və səmimi qəbula görə general-polkovnik S.Əbiyevə təşəkkür edərək söyləmişdir ki, bu mənim Azərbaycana ilk rəsmi səfərimdir. O, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yeritdiyinə münaisibət bildirərək söyləmişdir ki, mən bu məsələdə sizinlə həmrəyəm. Belçika Krallığı NATO-nun yaranışından onun üzvüdür. Hesab edirəm ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan münaqişəsinin həllində öz fəallığını artırmalıdır.
Sonra o, Belçika Krallığı Silahlı Qüvvələrinin beynəlxalq sülhyaratmada, antiterror koalisiyasında və NATO-da fəaliyyəti, dünyanın müxtəlif bölgələrində xidmət edən bölmələri haqqında general-polkovnik S.Əbiyevə ətraflı məlumat vermişdir. O, demişdir: “Biz son illərdə Belçika Silahlı Qüvvələrinin transformasiyası ilə məşğuluq. Çevik, güclü və asan idarəolunan Silahlı Qüvvələr yaradırıq. Bu sahədə qazandığımız təcrübəni sizinlə bölüşməyə hazırıq”.
General-polkovnik S.Əbiyev cavab olaraq bildirmişdir ki, qeyd etdiyim kimi biz sizinlə hərbi əməkdaşlıq etmək niyyətindəyik. Bu sahədə saziş bağlanmasını təklif edirik. Sizin hərbi-texniki, hərbi təhsil, hərb elmi və digər sahələrdə qazandığınız təcrübə bizi maraqlandırır.
Sonra o, Azərbaycanın iqtisadiyyatı, tarixi keçmişi, coğrafiyası, təbii sərvətləri və gələcək inkişaf perspektivləri haqqında qonağa məlumat vermişdir.
General O.Vandel Belçika və Azərbaycan dövlətləri arasında hərbi əməkdaşlıq etmək barəsində general-polkovnik S.Əbiyevin təklifinə dərhal münasibət bildirərək söyləmişdir ki, mən sizin bu təklifinizi öz rəhbərliyimə çatdıracaq və ən qısa zamanda sizə məlumat verəcəyəm.
General-polkovnik Səfər Əbiyev bu məsələnin müsbət həllinə ümid etdiyini bildirərək qeyd etmişdir ki, bu, Azərbaycan Respublikası və Belçika Krallığı dövlətlərinin və xalqlarının bir-birini yaxından tanımasına kömək edərdi.