Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Noyabr 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Həmin gün Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev Hərbçilərin Cüdo üzrə 30-cu Dünya Çempionatının keçirilməsi ilə əlaqədar Bakıya gəlmiş Beynəlxalq Hərbi İdman Şurasının (SİZM) təmsilçisi polkovnik Nevzat Varolu (Türkiyə), SİZM vitse prezidentinin Avropa üzrə köməkçisi Yan Petroviçi (Slovakiya) və SİZM Cüdo Federasiyasının prezidenti polkovnik Roman Kalinanı (Polşa) qəbul etmişdir.
Müdafiə Naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, bu gün 120-dən artıq dövlət SİZM-in üzvüdür. Hərbçilərin Cüdo üzrə 30-cu Dünya Çempionatının keçirilməsi üçün Azərbaycanın seçilməsi bizi şad edir. Biz bunu müstəqil Azərbaycan dövlətinə və onun hərbi idmanına edilən hörmət kimi qiymətləndiririk. Çempionatın uğurlu keçməsi üçün bütün tədbirlər görülmüşdür. Burada Beynəlxalq Hərbi İdman Şurası rəhbərliyinin də xidməti böyükdür. Buna görə Sizə təşəkkür edirəm.
Nümayəndə heyətinin rəhbəri polkovnik Nevzat Varol səmimi qəbul üçün general-polkovnik Səfər Əbiyevə təşəkkür edərək, SİZM-in tarixi və fəaliyyəti haqqında ona ətraflı məlumat vermişdir. Söyləmişdir ki, Azərbaycan heyətinin SİZM-ə 1995-ci ildə daxil olmasına baxmayaraq, o bu qısa müddət ərzində xeyli uğurlar əldə etmişdir. Bunun nəticəsi olaraq, bu çempionatın Qafqazda ilk olaraq Azərbaycanda keçirilməsi qərara alınmışdır. O, demişdir: “İnanıram ki, Azərbaycan heyəti bu çempionatı yüksək səviyyədə keçirərək SİZM-də öz nüfuzunu bir daha artıracaqdır. Çempionatın uğurlu keçməsi üçün hazırlıq işlərini yüksək səviyyədə görülməsinə şərait yaratdığına görə qurucusu Heydər Əliyev olan Azərbaycan dövlətinə və onun prezidenti Cənab İlham Əliyevə və Sizə öz təşəkkürümü bildirirəm”.
Polkovnik Nevzat Varol SİZM prezidenti general Giani Qolanın salamlarını general-polkovnik Səfər Əbiyevə çatdırmışdır.
General-polkovnik Səfər Əbiyev onun da salamlarının SİZM prezidentinə çatdırılmasını xahiş edərək, qonaqlara Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri haqqında məlumat vermişdir. O, demişdir: “Münaqişənin ağır nəticələrinə baxmayaraq, Azərbaycan bütün sahələrdə, o cümlədən, iqtisadiyyat, ordu quruculuğu, ordu idmanı və digər sahələrdə uğurla inkişaf etməkdədir. Bunun nəticəsi olaraq, biz noyabrın 16-da Heydər Əliyev adına Respublika İdman Sarayında Hərbçilərin Cüdo üzrə 30-cu Dünya Çempionatının açılışını edəcəyik. İnanıram ki, bu çempionat Azərbaycanda və dünyada hərbi idmanın inkişafına yeni təkan verəcəkdir”.