Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Noyabr 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Finlandiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Terhi Hakalanı qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq onu yeni təyinatı ilə təbrik etmiş və Azərbaycan-Finlandiya münasibətlərinin inkişaf etdirilməsində uğurlar arzulamışdır.
Xanım T.Hakala səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək söyləmişdir ki, Finlandiya ilə Azərbaycan arasında yaxşı münasibətlər mövcuddur. İki dövlət arasında siyasi dialoq davam edir. Azərbaycanın iqtisadi potensialı böyükdür. İstəyirik ki, bu sahədə münasibətlərimizi inkişaf etdirək və hərbi sahədə də Azərbaycanla münasibətlər yaradaq.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, münasibətlərimizin səviyyəsini mütləq qaldırmalıyıq. Azərbaycan bir çox dövlətlər ilə hərbi sahədə əməkdaşlıq haqqında sazişlər imzalamışdır. Finlandiya Respublikası ilə də hərbi sahədə əməkdaşlıq etməyə hazırdır.
Xanım T.Hakala demişdir: “Finlandiya ATƏT-in Minsk Qrupunun üzvü kimi sülhyaratma fəaliyyətilə məşğuldur. Bu onu Azərbaycana bir daha yaxınlaşdırır”.
General-polkovnik S.Əbiyev cavab olaraq demişdir: “İnanıram ki, Azərbaycan və Finlandiya bundan sonra daha sıx əməkdaşlıq edəcəkdir. Azərbaycan iri iqtisadi layihələrin həyata keçirildiyi məkandır. Avropanın və Asiyanın qovşağında yerləşməsi onun geosiyasi və geostrateji  əhəmiyyətini bir daha artırır”.
Xanım T.Hakala Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in Minsk Qrupu prosesinin uğurla davam etdirilməsini arzulamışdır.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, dünyanın bütün beynəlxalq təşkilatları Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi istiqamətində onunla izahat işi aparmalıdır. Əks təqdirdə Azərbaycan öz torpaqlarını azad etməyə məcbur olacaqdır.
Sonra tərəflər onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi etmişlər.