Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Fevral 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Parlament Assambleyası sədrinin Dağlıq Qarabağ Münaqişəsi üzrə xüsusi nümayəndəsi cənab Qoran Lenmarkeri və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra qeyd etmişdir ki, ATƏT-in Parlament Assambleyasının beynəlxalq hüquq normaları əsasında Dağlıq Qarabağ Münaqişəsinin həllinə qoşulması təqdirə layiqdir. Sonra o, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri və ağır nəticələri haqqında qonaqlara məlumat vermişdir. O, demişdir: “Ermənistan dövləti Birləşmiş Millətlər Təşkilatının bu barədə qəbul etdiyi 4 qətnamənin tələblərini yerinə yetirməmişdir. Ermənistan açıq-aydın işğalçı dövlət ikən onun beynəlxalq ictimiayyət tərəfındən aqressor elan olunmaması və Azərbaycana ikili standartın tətbiq edilməsi bu situasiyanı yaratmışdır.
İşğalçı Ermənistanı Azərbaycan torpaqlarını boşaltmağa məcbur etmək lazımdır. Belə olmadıqda Azərbaycan öz torpaqlarını azad etməlidir. Əgər münaqişə bölgəsində döyüş əməliyyatları yenidən başlasa, məsuliyyətin bir hissəsi bu məsələnin həlli ilə məşğul olan beynəlxalq təşkilatların üzərinə düşəcəkdir”.
Qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən cənab Q.Lenmarker qeyd etmişdir ki, biz Azərbaycanın müstəqil və inkişaf edən ölkə olduğunu görməkdən məmnunluq duyuruq. O demişdir: “Azərbaycana ilk səfərimdən təəssüratım böyük və ağırdır. Qaçqınlarla görüşdüm və qərara aldım ki, bu münaqişə tezliklə həll edilməlidir. Körpə ikən qaçqın düşənlər bu gün artıq yeniyetmə yaşındadırlar. Münaqişənin həlli üçün bütün vasitələrdən, o cümlədən parlamentlərin imkanlarından istifadə etmək lazımdır”.
General-polkovnik S.Əbiyev söyləmişdir: “Bu münaqişə 1988-ci ildən davam edir. Avropada insan haqlarından danışmağı çox sevirlər. Lakin Ermənistanın işğalı nəticəsində haqqı tapdalanmış, təhqir olunmuş 1 milyondan artıq Azərbaycan vətəndaşı haqqında düşünmək istəmirlər. Siz qaçqınların ağır vəziyyəti ilə tanış olmusunuz. Onların hüquqlarını müdafiə etmək lazımdır...”
Ermənistan separatizm hərəkatını dövlət səviyyəsində dəstəkləyir. İşğal edilmiş Azərbaycan torpaqlarında Ermənistan silahlı qüvvələri terrorçu qrupları hər cür silah və sursatla təmin etmişlər. Bu ərazilərdən separatçılara külli miqdarda silah və sursat ötürülmüşdür.
Cənubi Qafqazda bu gərginlik ocağı nə vaxta qədər mövcud olacaqdır?
Azərbaycanın enerji ehtiyatları Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri vasitəsilə Avropaya daşınacaqdır. Buna görə da Dağlıq Qarabağ münaqişəsinin aradan götürülməsi üçün Avropa qəti addımlar atmalıdır. Siyasətçilər Ermənistan-Azərbaycan münaqişəsinin həllini hərbçilərin ixtiyarına verməməlidirlər. Hesab edirəm ki, Avropa 14 il gecikib. Bir il də geciksə, hadisələrin gedişi daha da faciəvi xarakter ala bilər”. Azərbaycanın Müdafiə nazirini diqqətlə dinləyən cənab Q.Lenmarker demişdir: “Sizinlə razıyam ki, Avropa gecikib. Beləliklə biz yaxın ərazilərdə mövcud olan münaqişələrin həlli ilə məşğul olmuşuq. Artıq biz bu regionda mövcud olan münaqişələrin həllinə yaxından qoşulmalıyıq. Türkiyə Respublikasının Avropa ittifaqına tezliklə üzv qəbul edilməsi bu işi asanlaşdıracaqdır”.
General-polkovnik S.Əbiyev cavab olaraq demişdir: “Əgər Avropa dövlətləri beynəlxalq hüquq normaları əsasında işğalçı Ermənistanın silahlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarsa, bu aksiya Qafqaz regionunda mövcud olan digər münaqişə ocaqlarının söndürülməsinə səbəb olacaqdır. Avropa separatçılıq hərəkatına qarşı çevik tədbirlər görməlidir”.
General-polkovnik S.Əbiyev qonaqları maraqlandıran suallara cavab vermişdir.
Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət Daimi Kommissiyasının sədri, Milli Məclisin ATƏT-in Parlament Assambleyasında nümayəndə heyətinin üzvü cənab Eldar İbrahimov iştirak etmişdir.