Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Fevral 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Beynəlxalq Hərbi Qərargahının direktor müavini - Əməkdaşlıq və Regional Təhlükəsizlik İdarəsinin rəisi general-mayor Federiko Yanizi və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra qeyd etmişdir ki, Azərbaycanın NATO ilə əməkdaşlığı daimi xarakter almışdır. NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq xüsusi aktuallıq təşkil edir. Hazırda isə Tərəfdaşlığın Fərdi Fəaliyyət Planının hazırlanması üzərində iş aparılır.
General-mayor F.Yaniz qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək demişdir ki, Azərbaycan həqiqətən “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə çox ciddi əməkdaşlıq edir. O hazırda Analiz və Planlaşdırma Prosesinə, həmçinin Fərdi Fəaliyyət Planına xüsusi önəm verir. Balkan yarımadasında və İraqda sabitliyin yaradılmasında sizin bölmələrinizin iştirak etməsi buna sübutdur. Bizə məlumdur ki, bu tədbirlərin həyata keçirilməsi Azərbaycanın böyük qüvvə və səyi nəticəsində baş tutur. Biz sizi həmişə dəstəkləyəcəyik. Yaxşı bilirik ki, dövlətlərin NATO-ya ehtiyacı olduğu kimi, NATO-nun da dövlətlərə ehtiyacı var... Bu il Azərbaycanda “Kooperativ Best Efford-04” səhra təlimlərinin keçirilməsi Azərbaycanın NATO ilə gələcək perspektivlərindən xəbər verir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, bəzi dövlətlər tərəfindən Ermənistanın işğalçı siyasət yeritməsinə yaradılan şərait, işğal olunmuş Azərbaycan torpaqlarında uçotsuz hərbi texnikanın, silah və sursatın yerləşdirilməsi, terrorçu qrupların hazırlanması, oradan narkotrafik kimi istifadə olunması və digər məsələlər haqqında qonaqlarla fikir mübadiləsi etmişdir. O, demişdir: “Azərbaycan Avropanın təhlükəsizlik strukturlarına ardıcıl olaraq inteqrasiya edir və onlarla əməkdaşlığını  davam etdirir. Bu Azərbaycanın müstəqil siyasət yeritdiyini təsdiq edir. Biz çox təəssüf edirik ki, beynəlxalq strukturlar Ermənistanı işğalçı dövlət elan etmirlər. Hətta NATO-nun Sülh Naminə Tərəfdaşlığın çərçivə sənədinin mətnində də yazılmışdır ki, dövlətlər bir-birinin ərazi bütövlüyünə qarşı güc tətbiq etməkdən çəkinməli və mövcud sərhədlərini tanımalıdırlar. Biz hesab edirik ki, NATO bu məsələdə neytral mövqe tutmamalı və Ermənistana təzyiq göstərməlidir”.
General-mayor F.Yaniz demişdir: “Azərbaycanın müstəqil dövlət olması və müstəqil siyasət yeritməsi artıq faktdır. Beynəlxalq ictimaiyyət bunu yüksək qiymətləndirir. Sizin ölkəniz NATO və tərəfdaş dövlətlərlə əməkdaşlığı təkmilləşdirməyə can atır. Bu səy sizin Silahlı Qüvvələrinizin gələcəkdə daha da inkişaf etməsinə şərait yaradacaqdır”.
General-polkovnik S.Əbiyev Azərbaycanın iqtisadiyyatının sürətli inkişaf etməsi nəticəsində onun müstəqilliyinin möhkəmlənməsi, Silahlı Qüvvələrinin inkişaf etməsi haqqında məlumat vermişdir. O, demişdir: “Lakin Ermənistanın işğalçı siyasət yeritməsi Cənubi Qafqaz regionunda sabitliyin pozulmasına təhlükədir. Biz bu təhlükənin aradan qaldırılması istiqamətində əlbir işləməliyik”.