Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Dekabr 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Baş Qərargahının Maddi-Texniki Təminat rəisi general-polkovnik Cahid Sarsılmazı qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonağı salamlayaraq qeyd etmişdir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə onu tanıyan ilk dövlət olaraq bu günə qədər bütün sahələrdə dəstəkləməkdədir.
O, demişdir: “Azərbaycan xalqının ümummilli lideri mərhum Heydər Əliyev bu birliyi və qardaşlığı müdrikcəsinə “bir millətin iki dövləti” şəklində ifadə edərək, onun əbədi olduğunu təsdiqləmişdir. Azərbaycanla bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində sıx münasibət yaradılmasına imkan verdiyinə görə Türk xalqına, Türkiyə dövlətinin və Silahlı Qüvvələrinin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm”.
General-polkovnik C.Sarsılmaz səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkür edərək Türkiyə Respublikası Baş Qərargahının Rəisi ordu generalı Hilmi Özkökün salamlarını ona çatdırmışdır.
O, səfərdə olduğu bu günlərdə Azərbaycanda gördükləri haqqında, Azərbaycan dili və mədəniyyətindən aldığı dərin təəssüratları general-polkovnik S.Əbiyevlə bölüşmüşdür.
Sonra tərəflər Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlığının gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi etmiş və general-polkovnik S.Əbiyev onun səmimi salamlarını Türkiyə Respublikasının Baş Qərargah Rəisi ordu generalı H.Özkökə çatdırmağı xahiş etmişdir.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Ömər Bayraqlı iştirak etmişdir.