Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Dekabr 2004 00:02

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə nazirinin Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə köməkçisinin müavini cənab Ceyms Maqduqalı və nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Amerika Birləşmiş Ştatları ilə müdafiə sahəsində prioritet əməkdaşlığı yüksək qiymətləndirir və Azərbaycan tərəfi bu sahədə müzakirələrin davam etdirilməsindən razıdır. Biz həmçinin NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq. Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev bu il Fərdi Fəaliyyət Planını NATO-nun Baş Katibinə təqdim etmişdir. Biz bu plan üzrə işləyərək onun müddəalarını həyata keçirəcəyik. İnanırıq ki, ABŞ və NATO ilə əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcəkdir.
Cənab C.Maqduqal Bakıya strateji tərəfdaşlıq missiyası ilə gəldiyindən şərəf duyduğunu bildirərək, qeyd etmişdir ki, müdafiə sahəsində Azərbaycan-ABŞ əməkdaşlığı   bundan sonra da genişlənəcək və dərinləşəcəkdir. O, səfər zamanı Azərbaycan tərəfi ilə müdafiə sahəsində faydalı müzakirələr aparıldığını xüsusilə vurğulamışdır.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətin mürəkkəb olduğuna toxunaraq demişdir ki, buna səbəb münaqişənin həllində Ermənistan tərəfinin heç bir güzəştə getməməsidir. O, “Biz heç Ermənistan tərəfinin güzəştə getməsini istəmirik. Lakin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını ondan tələb edirik”.
O, fikrini davam etdirərək qeyd etmişdir ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində terrorçu qruplar hazırlayır, narkotik maddələr becərir və külli miqdarda uçotsuz silah-sursat yerləşdirir.  Ən dözülməzi isə budur ki, o, işğal etdiyi Kəlbəcəri, Laçını, Qubadlını, Zəngilanı və digər əraziləri xarici dövlətlərdən zorla köçürdüyü erməni əhalisi ilə intensiv şəkildə məskunlaşdırır.
General-polkovnik S.Əbiyev “Azərbaycan ABŞ-la öz strateji müttəfiqi kimi daha da sıx əməkdaşlıq etmək istəyir. Lakin Ermənistan-Azərbaycan münaqişəsinin bu vaxta qədər həll edilməməsi buna maneçilik törədir. Mövcud olan beynəlxalq hüquq normaları bir dövlətin başqa dövlətin torpaqlarını işğal etməsinə qadağa qoymasına baxmayaraq, Ermənistan tərəfi bütün bunları öz havadarlarının köməyi ilə qulaq ardına vurur”.
Cənab C.Maqduqal işğal edilmiş Azərbaycan torpaqları haqqında ətraflı informasiya verdiyinə görə general-polkovnik S.Əbiyevə təşəkkür edərək söyləmişdir ki, doğrudan da Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktı müdafiə sahəsində Amerika-Azərbaycan əməkdaşlığının yüksək səviyyəyə qalxmasına yol vermir. O, demişdir: “Lakin nə olursa-olsun, münaqişənin həllinin siyasi yolu tapılmalıdır. Bu istiqamətdə ABŞ da həmsədr dövlət kimi əlindən gələni edir”.