Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Dekabr 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 14-də Belarus Respublikasının Müdafiə naziri general-polkovnik Leonid Malsev Azərbaycana rəsmi səfərə gəlmişdir.
Dekabrın 15-də Azərbaycan Respublikası Müdafiə Nazirliyində onun təntənəli qarşılanma mərasimi olmuşdur.
General-polkovnik L.Malsevin şərəfinə Azərbaycan Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüşdür. Fəxri Qarovulun rəisi ona raport verdikdən sonra Belarus Respublikası və Azərbaycan Respublikası dövlətlərinin himni səslənmişdir.
Təkbətək görüşdən sonra general-polkovnik S.Əbiyev general-polkovnik L.Malsevi və nümayəndə heyətini qəbul etmişdir.  
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycanla Belarusun   münasibətləri sovet dövründən bugünədək davam etməkdədir. Müdafiə sahəsində ikitərəfli əməkdaşlığın tarixi uzun olmasa da artıq bu uğurla davam etdirilir. İnanıram ki, sizin səfərinizdən sonra bu sahədə əməkdaşlığımız yeni səviyyəyə qalxacaqdır.
Sonra o, qonaqlara Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət və Ermənistanın Azərbaycana qarşı işğalı haqqında məlumat verərək demişdir: “1994-cü ildə atəşkəs rejiminin əldə edilməsinə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyiş yoxdur. Buna səbəb Ermənistan dövlətinin destruktiv mövqeidir. Lakin Azərbaycan öz torpaqlarının bir qarışını da düşmənə güzəştə getməyəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Londona səfəri zamanı haqlı olaraq demişdir ki, əgər erməni işğalçıları Azərbaycan torpaqlarını tərk etməsələr, biz özümüz torpaqlarımızı azad edəcəyik”.
General-polkovnik S.Əbiyev Azərbaycan iqtisadiyyatının sürətli inkişafı və onun beynəlxalq layihələrdə iştirakı barədə qonaqlarla fikir mübadiləsi edərək söyləmişdir ki, Azərbaycan bir çox dövlətlərlə, o cümlədən Belarusla bütün sahələrdə əməkdaşlıq  etməyə hazırdır.
General-polkovnik L.Malsev səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək bildirmişdir ki, Belarus Respublikası da Azərbaycanla hərtərəfli, o cümlədən müdafiə sahəsində də əməkdaşlıq  etməyə hazırdır. Biz Azərbaycanla hər iki dövlətin qarşılıqlı mənafei əsasında əməkdaşlıq etməyə hazırıq. Biz bu gün Belarus-Azərbaycan hərbi əməkdaşlığının hüquqi bazasını yaradan sənəd imzalayacağıq. O, Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə toxunaraq qeyd etmişdir ki, biz münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarıyıq.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, biz inanırıq ki, bu gün imzalayacağımız sənəddən sonra Azərbaycan-Belarus hərbi əməkdaşlığı yüksələn xəttlə inkişaf edəcək və biz böyük əməkdaşlıq yoluna çıxacağıq.
Sonra tərəflər hərbi əməkdaşlığın müxtəlif aspektləri ətrafında fikir mübadiləsi etmişlər.
Görüşün sonunda “Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.
Sazişi Azərbaycan Respublikası tərəfdən general-polkovnik S.Əbiyev, Belarus Respublikası tərəfdən isə general-polkovnik L.Malsev imzalamışlar.