Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Dekabr 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 22-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində İran İslam Respublikasının Müdafiə naziri admiral Əli Şəmxaninin təntənəli qarşılanma mərasimi olmuşdur.
Admiral Ə.Şəmxaninin şərəfinə Azərbaycan Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüşdür. Fəxri Qarovulun rəisi ona raport verdikdən sonra İran İslam Respublikası və Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.
Sonra general-polkovnik S.Əbiyev admiral Ə.Şəmxanini və nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti və öz adından salamlayaraq qeyd etmişdir ki, əminəm ki, çoxdan baş tutmalı olan bu görüşümüzün bu gün gerçəkləşməsi Azərbaycan və İran dövlətləri arasındakı əlaqələrin daha da genişlənməsinə xidmət edəcəkdir. O, demişdir: “Son illərdə ölkələrimiz arasında dostluq əlaqələri gündən-günə genişlənir. Mərhum Prezident Heydər Əliyevin 2002-ci ilin mayında İran İslam Respublikasına rəsmi səfəri ilə yeni mərhələyə qədəm qoyan bu əlaqələr, dövlət başçılarının və ayrı-ayrı nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ilə durmadan inkişaf etməkdədir”.
General-polkovnik S.Əbiyev davam edərək söyləmişdir ki, mədəniyyətimizin, adət və ənənələrimizin tarixiliyi və dinimizin eyniliyi daim bizi bir-birimizə yaxınlaşmağa dəvət etmişdir. Təsadüfi deyil ki, dost İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur.
Admiral Ə.Şəmxani onu və nümayəndə heyətini səmimi dost kimi qəbul etdiyinə və səfər üçün şərait yaratdığına görə general-polkovnik S.Əbiyevə təşəkkür etmişdir. O, qeyd etmişdir ki, sizin bəyanatınız mənim ürəyimdən oldu. Söylədiyiniz kimi bizim mədəniyyətimiz, dini birliyimiz həmişə inkişafda olmalıdır. O, demişdir: “Mərhum H.Əliyevin və İran İslam Respublikası rəhbərliyinin başladığı münasibətlər bizim tərəfimizdən davam etdirilməlidir. Əlaqələrimizin genişlənməsi üçün hər bir imkanımız vardır. Biz bu gün müdafiə sahəsində başladığımız əlaqələri gələcək nəsillərimizə armağan etməliyik. Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Bizim müdafiə qabiliyyətimiz sizin müdafiə qabiliyyətinizdir. Biz Azərbaycanla hər cür əlaqə yaratmağa hazırıq və buna mane olan qüvvə yoxdur.
Admiral Ə.Şəmxani general-polkovnik S.Əbiyevi İran İslam Respublikasına rəsmi səfərə dəvət etmişdir.
General-polkovnik S.Əbiyev admiral Ə.Şəmxaninin dəvətini qəbul edərək ona Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri haqqında ətraflı məlumat vermişdir. O, demişdir: “Şübhəsiz ki, sizin Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində geniş məlumatınız vardır. Lakin bunu deməyi vacib sayıram ki, Cənubi Qafqazda heç zaman erməni dövləti olmamışdır. Çar Rusiyası 1828-ci ildə işğal etdiyi Azərbaycanın İrəvan xanlığı ərazisində öz qərarı ilə “erməni vilayəti”ni yaratmış və xarici ölkələrdə yaşayan ermənilər buraya köçürülmüşlər. İki əsrə yaxın bir müddətdə Azərbaycan torpaqlarının hesabına “erməni vilayəti” böyüdülərək bugünkü səviyyəyə çatdırılmış və işğalçı Ermənistan 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ diyarını ilhaq etmək fikrinə düşmüşdür. Nəticədə Ermənistan öz havadarlarının köməyilə Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş və Azərbaycanın 1 milyondan artıq vətəndaşı məcburi qaçqın və köçkün vəziyyətinə düşmüşdür”.
General-polkovnik S.Əbiyev fikrinə davam edərək söyləmişdir ki, biz hesab edirik ki, Azərbaycana qardaş deyən İran dövləti bu münaqişənin ədalətli həllində ona mütləq kömək etməlidir. İki xalqın tarixinin eyniliyi mənə bunu deməyə əsas verir. O, demişdir: “Mən bir daha bəyan edirəm ki, Azərbaycan öz torpaqlarının bir qarışını da düşmənə güzəştə getməyəcəkdir”.
Admiral Ə.Şəmxani cavab olaraq bildirmişdir ki, mənim dini etiqadım məcbur edir deyim ki, biz Azərbaycana həmişə kömək etməyə hazırıq. İran İslam Respublikası Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir.
 Sonra tərəflər müdafiə sahəsində Azərbaycan-İran əlaqələrinin yaradılması və inkişafı haqqında geniş fikir mübadiləsi etmiş, bu sahədə nümayəndə heyətləri səviyyəsində görüşlərin davam etdirilməsi qərarına gəlmişlər.